Ermənistan parlamenti “Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, layihənin lehinə 67 deputat səs verib.
Növbədənkənar iclas bir neçə dəqiqə davam edib.
Baş nazir Nikol Paşinyanın çağırışı ilə “Yelk” (Çıxış) fraksiyası səsvermədə iştirak etməyib.
Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə o deməkdir ki, bir qədər əvvəl ölkənin baş naziri Nikol Paşinyanın “Növbədənkənar parlament seçkiləri bu ilin dekabr ayında keçiriləcək” bəyanatı gerçəkləşməyə bilər.
Çünki qeyd etdiyimiz kimi, az əvvəl Sarkisyanın partiyasının çoxluq təşkil etdiyi parlamentdə növbədənkənar seçkilərin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib.