XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 00:34

XAŞUQCİ CİNAYƏTİ İLƏ BAĞLI ABŞ-ı QARIŞDIRACQ İDDİA:"Şahzadəyə "ölüm siyahısı"nı Trampın kürəkəni verib"

“Takvim”,

Türkiyə, 21 oktyabr 2018-ci il

 

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Xaşuqcinin cinayət işilə bağlı ABŞ-ı qarışdıracaq iddia ortaya atılıb. Bu iddiaya görə, şahzadə Məhəmməd bin Salmana “ölüm siyahısı”nı Donald Trampın kürəkəni Cared Kuşner verib.

Camal Xaşuqcinin Səudiyyə Ərəbistanının Baş Konsulluğunda vəhşicəsinə öldürülməsi ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerlə Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman arasındakı əlaqəni təkrar gündəliyə gətirib.

Hələ 2017-ci ilin oktyabr ayında Ər-Riyadda keçirilən və bir neçə gün davam edən görüşləri zamanı Cared Kuşnerin Məhəmməd bin Salmana ona qarşı müxalifətçilik etmə potensialı daşıyan şəxslərin adları olan “düşmən siyahısı” verdiyi iddia edilib. Washington Postun jurnalisti Devid İqnatius (David İgnatius), 2017-ci ilin oktyabrında Ər-Riyada gözlənilməz səfər edən Cared Kuşnerin burada vəliəhd-şahzadə Salmanla gecəyarısınadək uzanan fikir mübadilələri etdiyini və strategiya işləyib hazırlamaq üçün çalışdığını öz köşəsində yazmışdı.

 

Salmanın etirafı

 

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yaxın olan üç mənbəyə istinad edilərək verilən məlumatlara görə, bu toplantılardan sonra Məhəmməd bin Salman şəxsən özü Kuşnerlə birlikdə ona müxalif olan şəxsləri müzakirə etdiklərini yaxın ətrafına söyləyib.

 

Xaşuqci cinayətini Cared Kuşner təşkil edib

 

ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan demokrat üzvü  Xoakin Kastro (Joaquin Castro) da Cared Kuşneri Camal Xaşuqcinin qətl edilməsi planını cızmaqda ittiham edib. ABŞ-ın CNN televiziya kanalına müsahibə verən Kastro, bu iddiasını dəstəkləyən bir çox dəlilin olduğunu və mətbuatda da bir çox xəbərin yer aldığını bildirib.

 

ABŞ kəşfiyyatı vasitəçi olub

 

Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin də üzvü olan Kastro, “Cared Kuşner ABŞ kəşfiyyatı vasitəsilə Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salmana bir “ölüm siyahısı”, bir “düşmən siyahısı” verə, Şahzadə də buna əsasən hərəkət edə bilər” ifadəsini işlədib.

 

Konqres təhqiqat başlatsın

 

Kastro, “Ortaya çıxan xəbərlərə əsasən, Konqresin ABŞ kəşfiyyatının Səudiyyə Ərəbistanına Xaşuqcinin siyasi cəhətdən neytrallaşdırılmasına yol açan məlumat verib-vermədiyinə dair təhqiqat başlamasını tələb edirəm” paylaşımı edib.

 

“Təmizlik dalğası”

 

Kuşner və Məhəmməd bin Salman arasında keçirilən sirli toplantıdan həmən sonra, 4-5 noyabr 2017-ci il tarixlərində Səudiyyə Ərəbistanında kral ailəsi mənsubları, iş adamları, bürokratlar da daxil olmaqla, 300-dən çox şəxsi hədəf alan həbslər və “təmizlik dalğası” başladı. Bu “təmizlik dalğası”nın təsir dairəsində 57 yüksək səviyyəli mənsəb sahibi olan şəxs də vardı. Onlar arasında ən çox diqqət çəkən şəxs isə 18 milyard dollar sərvəti olan Səudiyyə Ərəbistanı şahzadəsi əl Vəlid bin Talal idi. “Təmizlik əməliyyatı” üçün Ər-Riyaddakı “Ritz Carlton” oteli həbsxanaya çevrildi. Vəliəhd-şahzadə Salman verdiyi açıqlamalarda bu əməliyyat nəticəsində büdcəyə 100 milyard dolların keçirildiyini bildirmişdi.

2017-ci ilin noyabrında keçirilən “təmizlik əməliyyatı”ndan sonra Ər-Riyad ölkə xaricindəki müxalifətçilərə qarşı da əməliyyatlara başlamışdı.

 

Vertolyot qəzasında ölən şahzadə

 

“Təmizlik əməliyyatı”nın aparıldığı günlərdə Ər-Riyaddan bir vertolyot qəzası haqqında xəbər gəldi. Qəzada ölənlər arasında kral ailəsinə mənsub şahzadə Mənsur bin Mukrinin və yüksək səviyyəli vəzifəli şəxslərin olması bu qəza ilə bağlı şübhələri artırdı. İddialardan biri o idi ki, Mukrin və yanında olanlar ölkədən qaçmaq istədikləri üçün hədəf alındılar.

 

Vaşinqtonla koordinasiya

 

Məhəmməd bin Salmanın öz müxaliflərinə yönəlik olaraq apardığı “təmizlik əməliyyatı”na ABŞ Prezidenti Donald Trampın atdığı tweetlərlə dəstək verməsi diqqəti cəlb etmişdi. Tramp tweetlərində “Kral Salman və Vəliəhd-Şahzadəyə inamım tamdır, onlar nə etdiklərini bilirlər” ifadələrini işlətmişdi. Trampın Vəliəhd-Şahzadəyə açıq çek verən açıqlaması “Vaşinqton və Ər-Riyad arasında əməliyyatla əlaqədar koordinasiyamı var?” sualının yaranmasına səbəb olmuşdu.

 

Dostundan soruşsun

 

ABŞ-lı məşhur politoloq Frensis Fukuyama (Francis Fukuyama) da Camal Xaşuqcinin yoxa çıxmasından sonra “Cared Kuşner Camal Xaşuqcinin aqibətini dostu Məhəmməd bin Salmandan soruşsun” ifadələrilə eyhamlı bir tweetatmışdı.

Tərcümə Strateq.az-ındır