XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2016 - 15:16

Artan risk, çağırış və təhdidlər dövrü:Azərbaycan və Türkiyə birgə necə cavab verməli?!

 

Sülhəddin ƏKBƏR,
Azad Demokratlar Partiyasının sədri

 

 

Fevralın 18-də Gəncədə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakıyla Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.

Bu iclas qlobal və regional geopolitik qarşıdurmanın yüksələn xətlə inkişaf etdiyi, Suriya böhranının və onun ətrafında yaranmış Türkiyə-Rusiya böhranının dərinləşdiyi, regional durumun, xüsusən də regiondakı hərbi-siyasi vəziyyətin daha da ağırlaşdığı və mürəkkəbləşdiyi, Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin intensiv pozulduğu, Azərbaycana və qardaş Türkiyəyə yönəlik risk, çağırış və təhdidlərin artdığı bir dövrə təsadüf edir. Məlumdur ki, hər bir böhran yeni risk, çağırış və təhdidlərlə bərabər yeni imkan və fürsətlər də yaradır. Hər iki tərəf də artan və yeni yaranan təhlükələri minimallaşdırmaqla bərabər, bu yeni yaranan imkan və fürsətlər də layiqincə, adekvat dəyərləndirməlidi. Bu iclas hər iki tərəfə də bu imkanı yaratmaqdadır.

 

Azərbaycan tərəfinin – bu yeni yaranan imkan və fürsətləri layiqincə dəyərləndirməsi və bu islasın səmərəli keçməsi üçün aşağıdakı məsələləri müzakirəyə təklif etməsini məqsədəuyğun və vaxtında verilmiş təkliflər hesab edirəm.

1. Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında hərbi-siyasi ittifaq sazişinin imzalanması. RF-nin işğalçı bir dövlət olan Ermənistanla müttəfiq olduğu, onun hərbi təhlükəsizliyinə tam təminat verdiyi, onu hərbi və hərbi-texniki cəhətdən hərtərəfli dəstəklədiyi halda, iki təbii müttəfiq və qardaş dövlət arasında anoloji münasibətlər niyə qurulmasın? Buna nə mane olur?! Suriya böhranının və onun ətrafında yaranmış Türkiyə-Rusiya böhranının dərinləşdiyi, regional durumun, xüsusən də regiondakı hərbi-siyasi vəziyyətin daha da ağırlaşdığı və mürəkkəbləşdiyi, Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin intensiv pozulduğu, Azərbaycana və qardaş Türkiyəyə yönəlik risk, çağırış və təhdidlərin artdığı bir dövrdə bu addımı atmağın zamanı deyilmi? Yaxın tarixi təcrübə (Ermənistan-Azərbaycan münaqişəsi, İraq, Suriya) də göstərdi ki, risk, çağırış və təhdidlərin zamanında önlənməsi daha asan və rasional yoldur. Gecikdiyimiz təqdirdə bu təhlükələr ağırlaşmalarla qarşımıza çıxır və onların yaratdığı nəticələri ortadan qaldırmaq daha çətin olur və çox baha başa gəlir. Bu baxımdan “önləmə və çəkindirmə strategiyası” izləmə daha rasionaldır.

 

2. Azərbaycan Respublikasında qardaş Türkiyə Cumhuriyyətinin hərbi bazalarının yaradılması. İşğalçı Ermənistanla müttəfiq olan RF-nin onun ərazisində öz hərbi bazalarını yaratdığı, bu bazaları hərtərəfli möhkəmləndirdiyi, TC və AR-i təhdid etdiyi bir vaxtda bu addımın atılması zamanında atılmış düzgün strateji addım olardı.
Qardaş Türkiyə Cumhuriyyətinin hərbi bazasının ilk növbədə Naxçıvanda yaradılması həm beynəlxalq hüquq, həm də birbaşa fiziki-coğrafi bağlantısı olması baxımından daha məqsədəuyğun olar. Bu, həm də RF-də Moskva və Qars anlaşmalarının ləğvini tələb edən qızışmış başlara layiqli cavab olar.
Türkiyə HHQ-nin bazası isə Gəncə və ya Bakı ətrafında yaradıla bilər.
 

3. Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin yaradılması. Mövcud qlobal, xüsusən də regional şərait, onun getdikcə daha təhdidkar hal alan inkişaf perspektivləri, hər üç qonşu dövlətin milli, eyni zamanda milli təhlükəsizlik maraqları və təbii müttəfiqliyi Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin(AGTB) yaradılması məsələsini də kəskin aktuallaşdırır. Buna görə də, vaxt itirmədən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının sabahkı toplantısında ikitərəfli münasibətlərin inkişafı sahəsində atılmalı olan təxirəsalınmaz addımlarla bərabər, üç tərəfli münasibətlərin inkişafı sahəsində də atılması vacib olan addımlar, o cümlədən AGTB-nin yaradılması məsələsi də müzakirə mövzusu olmalıdır. 

Bu regional strateji və tarixi inkişaf perspektivinə də, – AR-in istər tam, istərsə də natamam təbii tarixi inkişaf strategiyası çərçivəsində olsun,- nəinki müsbət baxılmalı, eyni zamanda ikili Azərbaycan-Gürcüstan Birliyinə(AGB) görə öncəlik verilməlidi. 

Çünki, birincisi, mövcud şəraitdə qardaş TC-nin də daxil olduğu bu üçlü perspektiv regional inkişaf modeli həm AR-in milli və tarixi inkişaf maraqlarına ikili AGB modelindən də artıq cavab verir, həm də qlobal, regional və lokal reallıqlara(çoxsaylı təhlükə və problemləri ilə birlikdə) daha adekvatdır.

İkincisi, AGTB-nin yaradacağı birgə strateji güc və potensial, strateji dərinlik, regional və beynəlxalq nüfuz və çəkicilik, eyni zamanda çəkindirmə potensialı, AGB ilə müqayisədə, heç şübhəsiz, çox böyük və yüksək olacaqdır.

Üçüncüsü, AGTB-nin yaradılması ikitərəfli AR-TC Birliyinin çatışmazlıqlarını, ilk növbədə onlar arasında birbaşa fiziki-coğrafi bağlantının olmamasını aradan qaldırmağa, mövcud risk, çağırış və təhdidləri minimallaşdırmağa və maneələri nisbətən ağrısız, daha asan aşmağa da imkan verəcəkdir. 

AGTB-nin yaradılmasına həm iki və üçtərəfli münasibətlərin inkişaf perspektivi, həm regional inkişaf perspektivi, həm də AR-in təbii tarixi inkişaf perspektivi, – demokratikləşməsi, azad dünyaya – AB və NATO-ya inteqrasiyası və beynəlxalq təhlükəsizlik təminatı alması,- kontekstində, onun geopolitik inkişafının aralıq mərhələsi və ya keçid forması kimi baxılmalı, AR-in milli siyasət və təbii tarixi inkişaf strategiyalarında nəzərə alınmalı və bu istiqamətlərdə komplementar (bir-birini tamamlayan) siyasət aparılmalıdır.

O da nəzərə alınmalıdı ki, AR-in natamam təbii tarixi inkişaf perspektivində bu birliyin önəmi daha da arta bilər. Belə ki, tarixi şərait Azərbaycanın bütövləşməsinə imkan tanımazsa, AR AB və NATO-ya tam inteqrasiya olub beynəlxalq təhlükəsizlik təminatı ala bilməzsə, bu, regional inkişaf modelinin əhəmiyyəti daha da artacaqdır. Hətta o halda daha sıx regional inteqrasiya modelinin – AR-Gürcüstan-TC konfederasiyasının (AGTK) yaradılması aktuallaşa və gündəmə gələ bilər.

Realpolitika milli maraqlarla bərabər reallıqların nəzərə alınmasını, mövcud şəraitdə və şərtlərdə nə mümkündürsə onun həyata keçirilməsini tələb edir. Mövcud şərait və şərtlər isə:

– AR-Gürcüstan-TC münasibətlərinin məqsədyönlü, ardıcıl və mərhələli inkişafını;

– strateji əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qurulması ardıcıllığının gözlənilməsini;

– hərbi-siyasi müttəfiqlik də daxil olmaqla tam strateji müttəfiqlik münasibətlərinin qurulmasına- AGTB-nin yaradılmasınadək üçlü “yumşaq” birliyin yaradılmasına öncəlik verilməsini;

– “yumşaq” birliyin yaradılması prosesində də ardıcıl və mərhələli inkişaf prinsipinin gözlənilməsini;

– hər üç tərəfin geopolitik, geostrateji, geoekonomik, eyni zamanda iqtisadi, hərbi, təhlükəsizlik və xarici, xüsusən də regional siyasətlərini koordinasiya etməsini;

– birləşmiş RF-Ermənistan destruktiv amilinin ciddiyə alınmasını və neytrallaşdırılmasını, regional strateji güc disbalansının tarazlaşdırılmasını;

– ABŞ, AB və NATO-nun birgə qəti və möhkəm dəstəyini;

– eyni zamanda, təbii müttəfiqliyin və geopolitik tale birliyinin unudulmamasını tələb edir. 

AR, Gürcüstan və TC arasında öncə “yumşaq” (qeyri-hərbi) birlik yaradılmalı, bu prosesin  özü də ardıcıl mərhələli inkişaf prosesi kimi həyata keçirilməlidi. Hər üç ölkəni bir-birinə bağlayan transregional enerji, nəqliyyat və ticarət yolları, həyata keçirilməkdə olan (BTQ, TANAP) və nəzərdə tutulan böyük geoekonomik layihələr, geopolitik tale birliyi və təbii müttəfiqlik AR, Gürcüstan və TC arasında “yumşaq” birliyin yaradılması üçün ciddi təməl ola bilər.

Regional inkişafın mövcud durumuna və üçtərəfli münasibətlərin inkişaf səviyyəsinə əsasən bu birliyin yaradılmasının ilk- hazırlıq mərhələsini bu gün artıq (ən azından əsasən) başa çatmış hesab etmək olar. 

Buna görə də tərəflər öz aralarında “yumşaq” birliyin yaradılmasının ikinci mərhələsinə – Gömrük İttifaqının və azad ticarət zonasının yaradılmasına, insanların, kapitalın, mal və xidmətlərin sərbəst hərəkətinə keçməlidir.

Üçüncü mərhələdə isə, AR-Gürcüstan-TC İqtisadi Birliyi (AGTİB) yaradılmalıdı. AR-Gürcüstan-TC İqtisadi Birliyi təbii müttəfiq olan hər üç qonşu və dost dövləti vahid iqtisadi məkanda birləşdirməklə bərabər, onlar arasında sosial, mədəni və humanitar əlaqələrin inkişafına, eyni zamanda hərbi və təhlükəsizlik münasibətlərinin daha üst səviyyəyə qaldırılmasına əlverişli şərait yaradacaq və C.Qafqaz enerji, nəqliyyat və ticarət dəhlizinin təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir. Çünki AGTİB-in yaradılması ABŞ, AB və NATO-nun bu birliyə, onun üzvlərinə, eyni zamanda “Cənubi Qafqaz Dəhlizi”nə verdiyi dəstəyi ciddi şəkildə stimullaşdıracaq, təşviq edəcək və artıracaq, beləliklə də, RF-Ermənistan destruktiv amilinin neytrallaşdırılması üçün də nisbi əlverişli şərait yaradacaqdır.

AR-Gürcüstan-TC İqtisadi Birliyinin qurulması ilə bərabər yaranacaq bu nisbi əlverişli şəraitdən də yararlanan tərəflər öncə öz aralarında həqiqi strateji tərəfdaşlıq, ardınca da, hərbi-siyasi müttəfiqliyin qurulması da daxil olmaqla, strateji müttəfiqlik münasibətləri qurmalıdır.

AR-Gürcüstan-TC İqtisadi Birliyi və strateji müttəfiqliyi qurulduqdan sonra isə son mərhələyə- AR-Gürcüstan-TC Birliyinin yaradılmasına keçmək olar. Ermənistansız olan bu natamam regional strateji inkişaf yolu,- AR-in istər tam, istərsə də natamam təbii tarixi inkişaf strategiyası çərçivəsində olsun,- mövcud şəraitdə bizim milli maraqlarımıza cavab verir. Belə ki, ABŞ, AB və NATO-nun birgə qəti və möhkəm dəstəyilə AGTB-nin yaradılması- AR-Gürcüstan-TC İqtisadi Birliyinin və strateji müttəfiqliyinin qurulması, eyni zamanda, TC ilə strateji müttəfiqliyin, ABŞ-la NATO-dan kənar əsas müttəfiqliyin qurulması, AB ilə assosiativ siyasi və iqtisadi birliyin, azad ticarət zonasının yaradılması, həmçinin AB və NATO-ya üzvlük perspektivinin açılması müharibə vəziyyətində olan AR-ə:

– öz ətrafında nisbi əlverişli regional və beynəlxalq əhatə yaratmağa, beynəlxalq təhlükəsizliyini möhkəmləndirməyə;

– demokratik inkişafı üçün nisbətən əlverişli xarici təhlükəsizlik mühiti əldə etməyə;

– “çoxyönlü açılma geostrategiyası”nı həyata keçirməyə, açıq dənizlərə və dünya okeanlarına, TC-yə, Avropaya və Avroatlantik məkana, bütün dünyaya sərbəst çıxış əldə etməyə;

– strateji dərinlik qazanmağa;

– strateji əhəmiyyətli enerji, nəqliyyat və ticarət yollarının etibarlı təhlükəsizliyini təmin etməyə və dünya bazarları ilə sərbəst bağlantı qurmağa;

– hərtərəfli və davamlı iqtisadi iqtisadi inkişafı, eyni zamanda müasir sənayeləşməsi üçün əlverişli şərait,- regional şərait başda olmaqla,- əldə etməyə;

– müdafiə və hərbi gücü daxil olmaqla öz strateji gücünü və beynəlxalq nüfuzunu artırmağa;

– destruktiv regional amilləri (birgə RF-Ermənistan və İİR) neytrallaşdırmaqla regional strateji güc disbalansını müsbət istiqamətdə dəyişməyə;

– işğalçı Ermənistanla olan münaqişəni həll etmək, ərazi bütövlüyünü bərpa etmək, beləliklə də öz müstəqilliyini və suverenliyini möhkəmləndirmək üçün əlverişli regional və beynəlxalq şərait əldə etməyə imkan verəcək.

Bütün bunlarla bərabər,- çoxsaylı risk, çağırış və təhdidlərlə birlikdə tarixi fürsətlər və imkanlar da yaradan,- qlobal, regional və lokal inkişaf şəraitinin adekvatlığı, ABŞ, AB və NATO-nun durmadan artan və inkişaf edən regional maraqları(həm planlı inkişaf, həm də kəskinləşən geopolitik qarşıdurma kontekstundə) da nəzərə alınmalı və bu regional strateji inkişaf perspektivi müsbət qiymətləndirilməlidir.