XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 16:03

XİN Ukraynadakı səfirliyimizdə baş verən qalmaqalla bağlı xüsusi açıqlama yaydı –Baş Prokurorluğa müraciət edilib

Xarici İşlər Nazirliyində Azərbaycanın Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik bəyan edib ki, aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfriliyi eks-səfir Tələt Əliyevin dövründə səfirlik binasında aparılmış təmir işləri zamanı Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaitinin mənimsənildiyini bəyan edib:

“2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı Səfirliyin inzibati binası  təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir. 

Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı Səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır”.