“Fətullah Gülənin hazırkı anda Türkiyəyə təhvil verilməsi gündəmimizdə yoxdur”.
Strateq.az “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Kaliforniya ştatına səfəri zamanı ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ Türkiyə üçün hər zaman hər şeyin yaxşısını etməyə çalışır: “Ancaq hazırda Gülənin təhvil verilməsi dəyərləndirəcəyimiz bir məsələ deyil. Türkiyə üçün nə edəcəyimizə baxırıq, hər zaman baxırıq. Və bunu münasibətlərimizin yaxşı olduğu bütün ölkələr üçün edirik”.
Tramp bildirib ki, Türkiyə ilə münasibətləri yüksəltmək üçün çox yaxşı fürsət yaxalayıblar: “Bilirsiniz ki, rahib Bransonu bizə təhvil verdilər. Prezident Ərdoğanla çox yaxşı əlaqələrimiz var. O, mənim dostumdur. Güclü, sərt və zəkalı bir adamdır”.