XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2018 - 22:35

XİN-dən etiraz bəyanatı:"ABŞ-ın separatçılara viza verməsi ciddi suallar doğurur"

“Kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın Amerika Birləşmiş Ştatlarına səyahəti barədə məlumat verilir”.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəlikləri, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir:

“Bu addım, həmçinin münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir. Separatçı rejimin nümayəndələrinə ABŞ tərəfindən viza verilməsi ABŞ-ın viza prosedurları barədə ciddi suallar doğurur. Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberallaşdırılması yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “rəhbərlərinə” münasibətdə tətbiq edilir.

Azərbaycan ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlıya qarşı etnik təmizləmənin həyata keçirilməsində əli olan, müharibə cinayətkarı olan bu kimi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq olunmalıdır. Qondarma rejimin təşviqinə yönələn bu qəbildən olan addımlar ABŞ-ın Azərbaycanla münasibətlərdə səmimiliyi barəsində suallar yaradır. Diplomatik kanallarla Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır”.