XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 12:11

Orduxan Teymurxan terrora çağırış ittihamı ilə axtarışa verildi –BAŞ PROKURORLUQDA CİNAYƏT İŞİ AÇILDI

Hollandiyada yaşayan mühacir bloqqer Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb. Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Strateq.az – ın məlumatına görə, bu barədə Azadlıq Radiosuna prokurorluqdakı mənbədən bildirilib.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, o cümlədən sosial şəbəkələrdə «Orduxan Teymurxan» adıyla tanınan O.Teymurxan haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: «Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb».

O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsindəki mənbə də Azadlıq Radiosuna xəbəri təsdiqləyib. Qanunda bloqqerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.