XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Dekabr 2018 - 00:49

TÜRKİYƏ FƏRATIN ŞƏRQİNDƏKİ ƏMƏLİYYATINI TƏXİRƏ SALDI –Ankara ABŞ qoşunlarının Suriydan çıxmasını gözləyəcək

Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü bildirib ki, Türkiyə Suriyanın şimal-şərqində suriyalı kürd döyüşçülərə qarşı hərbi əməliyyatı təxirə salacaq. O həmçinin “ehtiyatlı şəkildə” ABŞ-ın qoşunlarını ərazidən çəkmək qərarını alqışlayıb.

ABŞ prezidenti Donald Trampın bu həftə gözlənilmədən Vaşinqtonun təxminən 2 min qoşununu Suriyadan geri çəkəcəyini elan etməsi Amerikanın Yaxın Şərq siyasətinin əsas sütunlarından birini aradan qaldırıb. Tənqidçilər deyir ki, Trampın bu addımı Suriyada yeddi ildir davam edən müharibəyə diplomatik həll yolu tapmağı çətinləşdirəcək.

Türkiyə üçün bu addım Birləşmiş Ştatlarla toqquşma mənbəyini aradan qaldırır. Ərdoğan uzun müddət NATO müttəfiqini İŞİD qrupuna qarşı mübarizədə Suriyanın kürd YPG döyüşçülərini dəstəklədiyinə görə kəskin tənqid edib. Türkiyə YPG-ni terrorçu qrup və Türkiyə ərazisində kürd muxtariyyəti uğrunda döyüşən PKK-nın qolu hesab edir.

NATO müttəfiqləri Fransa və Almaniya xəbərdarlıq edir ki, ABŞ-ın siyasi kursunu dəyişməsi İŞİD-ə qarşı mübarizəyə xələl gətirə bilər.

ABŞ-ın dəstəklədiyi YPG-nin başçılıq etdiyi hərbi dəstə cümə günü xəbərdarlıq edib ki, Türkiyə tərəfindən hücum onları döyüşçülərini İŞİD-ə qarşı mübarizədən geri çəkməyə vadar edəcək. Bu arada isə İŞİD Suriyanın cənub-şərqində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri adlı hərbi dəstəyə hücum edib.

Ərdoğan ötən həftə Suriyanın şimalında Fərat çayının şərq sahilində nəzarət etdiyi əraziləri YPG-dən təmizləmək üçün əməliyyat başlatmaq planını elan etmişdi. Bu həftə o, əməliyyatın hər an başlayaca biləcəyini söylədi. Lakin cümə günü Vaşinqtonun addımı və Trampla danışıqları səbəb göstərərək, gözləyəcəklərini dedi.

“Biz ötən həftə Fərat çayının şərq sahilində hərbi əməliyyat keçirməyə qərar verdik – deyə, o, İstanbulda çıxış edərkən bildirib. – Biz prezident Trampla telefon söhbətimiz, diplomatlar və təhlükəsizlik rəsmiləri arasında əlaqələr və Birləşmiş Ştatların bəyanatları nəticəsində bir az daha gözləməyə qərar verdik”, – o əlavə edib.

“Biz Amerikanın Suriyadan geri çəkilmək qərarının nəticələrini görənədək Fərat çayının şərq sahilindəki hərbi əməliyyatımızı təxirə salmışıq”, – Ərdoğan söyləyib.

Lakin Türkiyə prezidenti qeyd edib ki, bu, “sonu açıq gözləmə müddəti” deyil.

Türkiyə dəfələrlə Vaşinqtonla YPG döyüşçülərinin Mənbicdən çıxarılması üzərində əldə olunan razılığın ləng tətbiqi ilə bağlı məyusluğunu dilə gətirib.

Amerikanın Səsi