XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 19:03

Prezident İlham Əliyev DİN-in aldığı YPX avtomobillərinə baxış keçirdi –Yol polisi ətrafı 360 dərəcə izləyə biləcək

Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidmətinə “Mersedes” markalı 118 avtomobil alıb.

Bu gün, dekabrın 25-də prezident İlham Əliyev xidməti istifadə məqsədilə alınan yeni avtomobillərə baxış keçirib.

Strateq.az ölkə başçısının rəsmi internet səhifəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yol polislərinə alınmış avtomobillərin 75-i “Mersedes” C-300 markalıdır. 4 avtomobil E-450, 39-u isə E-350 modeldir. Avtomobillərin hamısında yeni i-Patrul sisteminin quraşdırıldığı, həmin sistemin texniki xüsusiyyətlərinə görə, əvvəlkilərdən xeyli fərqli olduğu bildirilir.

Yeni Yol Patrul Xidməti avtomobilləri dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malikdir. Sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub.

Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb.

Həmçinin, avtomobillərdə yan istiqamətlərdə “nömrətanıma”, gecə görüntüsündən ötrü 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS (Qlobal Mövqetəyinetmə Sistemi) modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.

Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunacaq. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir.

Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir.

DİN Post Patrul Xidmətindən də ötrü isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Həmin avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. DİN-in müvafiq strukturlarında digər xidmətlərdən ötrü isə Azərbaycan istehsalı olan “Khazar” LD avtomobillərinin alındığı bildirilir.