XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2018 - 14:13

Azərbaycanda arxeoloji kurqanları qarət edən dəstələr var –QƏBƏLƏDƏ, ŞƏKİDƏ QIZIL KÜPLƏRİNİ KİMLƏR OĞURLAYIB?   

“Son illərdə ölkə ərazisində qeyri-qanuni arxeoloji araşdırmalarla, qarətçiliklə məşğul olan dəstələr çoxalıb”.

 Strateq.az bildirir ki, bu sözləri arxeoloq, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyev “1905” saytının keçirdiyi Dəyirmi Masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkədə “qara arxeologiya” ilə məşğul olan qruplar fəaliyyət göstərir:  XIX əsrin sonlarında Jak de Morqanın dəstəsinin etdiklərinin bu gün primitiv formasını edirlər. Morqan heç olmasa tapdıqlarını siyahıya alır, aparıb, Almaniya və Fransa muzeylərinə, şəxsi kolleksiyalara satırdı. İndi isə dağıdılan abidələrdən tapılan əşyaların hara və kimə getdiyini heç kəs bilmir. Heç nə olduğunu da bilən yoxdur. Çox biabırçı vəziyyətdir. Əlaqədar orqanlar bu məsələni xüsusi nəzarətə götürməlidir.

Alimin sözlərinə görə, bu yaxınlarda Şəkidə bir abidənin üstünü ekskovatorla açan bir qrup tutulub. Azərbaycanda onlarla kurqan saymaq olar ki, qeyri-müəyyən şəxslər tərəfindən, qeyri-müəyyən şəraitdə dağıdılıb.   Qazılıb, içərisi ovulub, çıxarılıb: “Qəbələdə, Zaha kəndi yaxınlığındakı kurqanlardan biri dururdu. 3-4 il əvvəl Koreya arxeoloqları SEBA-nın dəvətilə orada iş aparırdılar. Nəhəng bir kurqan idi və 2,5 il orada işlədilər. 3 min ilə yaxın tarixi olan kurqanın içində heç nə tapmadılar. Naməlum şəxslər tərəfindən kurqan qarət olunmuşdu. Həm də çoxdan qarət olunmamışdı. Çünki içərisindən sellofan torbalar çıxdı. Bunlar təzə deyil”.

Qafar Cəbiyevin sözlərinə görə, vaxtilə A.İessenin rəhbərliyi ilə Üçtəpə kurqanları tədqiq olunanda da buna bənzər əhvalat olmuşdu: “Üç kurqandır, onların yalnız birində dəfn olur. İessen də tədqiqat zamanı ortadakını işarə edib ki, o qazılmalıdır, qalan ikisi isə aldadıcıdır. Böyük qüvvə ilə həmin kurqanı bir ilə yaxın qazdılar. Kurqanın mərkəzi kamerasına çatanda, Bakıya, Mətkəzi Komitəyə, Ali Sovetə və Nazirlər Komitəsinə, Akademiyaya, Mədəniyyət Nazirliyinə məktub göndəriblər.  Onlar güman ediblər ki, kurqandan xeyli qiymətli əşya çıxa bilər, buna görə də komissiya yaradılmasını istəyiblər. Adətən, analoji kurqanlardan 10-12 kiloqram qızıl çıxır. Bakıdan komissiya gedir, amma qəbirdən heç skelet də tapılmayıb. Yalnız kurqanın üstündən düşəndə, ortadan lağım izi aşkar ediblər. Lağımdan bir ədəd qızıl cam çıxdı.  Çox güman ki, içəridəkiləri yığıb, aparanda tələsikdə əllərindən salıb, itiriblər”.

Qafar Cəbiyevin fikrincə, Azərbaycan ərazisindən Gürcüstana çox qiymətli əntiq əşyalar ötürülür: “Mən bunları havadan söyləmirəm. Şəkidə, Gəncədə bu işlə məşğul olan şəxslər formalaşıb”.

Alim vurğulayıb ki, kriminal ünsürlər belə şeyləri yaxşı bacarırlar: “Biz qazıntı aparmaq üçün onu plana salmalı, vəkalətnamə almalı, onu qeydiyyatdan keçirməliyik. Bundan sonra həmin yeri hazırlamalı, avadanlıq almalıyıq. Biz bu prosedurları həyata keçirənə kimi onlar həmin yerləri 50 dəfə qarət edə bilərlər. Gedənlər itir və onları qaytarmaq mümkün deyil. Bu, hər birimiz üçün həyəcan təbili olmalıdır.