XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

31 Dekabr 2018 - 14:39

Respublikaçı senator Trampla görüşdü və qəribə açıqlama verdi –ABŞ qoşunları Suriyada qalır?

ABŞ mediasının verdiyi məlumata görə, nüfuzlu respublikaçı senator Lindsi Qraham Ağ Evdə prezident Donald Trampla nahar yeməyi zamanı Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılması məsələsini onunla müzakirə etdiyini deyib.

Strateq.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Qrahamın bildirdiyinə görə, prezidentlə söhbətdən sonra o, Suriyada vəziyyətə nikbinliklə baxır.

Qraham qeyd edib ki, prezident Tramp İŞİD-in tam məğlub edilməsi və “bu işi sona çatdırmaq” məsələsində tam qətiyyətlidir.

Bundan öncə senator prezident Trampı qərarını yenidən nəzərdən keçirməyə və əsgəri qüvvənin bir hissəsinin ölkədə saxlanmasına razı salmağa çalışacağını bildirmişdi.

Respublikaçı senator xəbərdarlıq etmişdi ki, ABŞ hərbi qüvvələrinin Suriyadan bütünlüklə çıxarılması Birləşmiş Ştatların təhlükəsizliyinə hədə təşkil edə bilər, belə ki, bu, İŞİD-in gücünü bərpa etməsinə imkan yarada bilər.

Senatorun fikrincə, bu addım həmçinin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə dəstəklədiyi kürd döyüşçülərinə xəyanət ola bilər və eyni zamanda, İranın İsrailə qarşı təhdidlərini gücləndirməsinə imkan yarada bilər.

Cənubi Karolina ştatını təmsil edən senator Qraham bildirmişdi ki, o, Trampdan generalları toplayıb, vəziyyəti yenidən nəzərdən keçirməsini istəyəcək.

“Bu məsələdə tələsmək lazım deyil. Əmin olmaq lazımdır ki, biz hər şeyi düz edirik. Əmin olmalıyıq ki, İŞİD bir də heç vaxt qayıtmayacaq. Suriyanı iranlılara təhvil vermirik” – deyə, senator Qraham bildirib.

ABŞ prezidenti Donald Tramp bu ay gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəni Suriyadan geri çəkəcəyini elan edib. Trampın əsgəri qüvvənin Suriyadan çıxarılmasına dair gözlənilmədən verdiyi qərar Amerikanın regionda siyasətində əsaslı dəyişiklikdən xəbər verir. Tənqidçilər bildirir ki, ABŞ prezidentinin bu addımı Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirəcək.