XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 18:09

Partiya sədri xalqı sayıq olmağa çağırdı:"Mitinqdə say çox olsaydı, qarşıdurmaya gediləcəkdi"

“Əgər son mitinqdə iştirakçıların sayı çox olsaydı, təşkilatçılar qarşıdurmaya gedəcəkdilər. Xaricdəki bəzi destruktiv qüvvələr də Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq üçün bu prosesdən istifadə edəcəkdilər.”

Strateq.az xəbər verir ki, bu açıqlama ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Q.Həsənquliyev yanvarın 26-da Milli Şuranın, fevralın 16-da isə “Qarabağ komitəsi”nin ardıcıl olaraq mitinq keçirmək niyyətindən bəzi qüvvələrin yararlanaraq, ölkədə sabitliyi pozmağa cəhd göstərə biləcəkləri ehtimalından danışaraq, bildirib ki, belə bir təhlükə hər an baş verə bilər: “Ölkədə sabitliyin pozulmasına, qarşıdurmaya cəhdin ola biləcəyi nəinki mümkündür, hətta qaçılmazdı. Xatırlayırsınızsa, son mitinqdə iştirak edən bir qrup şəxs aksiyanın küçə yürüşü ilə davam etdirilməsi tələbini irəli sürdülər. Təbii ki, bu, mitinqlə bağlı müraciətdə nəzərdə tutulmadığından, qeyri-qanuni idi. Qanunsuz aksiyanın isə qarşısının alınması üçün də müvafiq addımlar atılacaqdı və şübhəsiz ki, bu da miqyasından asılı olmayaraq, qarşıdurmaya yol açacaqdı. Maraqlıdır ki, belə tələblər irəli sürüləndə mitinqin təşkilatçıları buna qarşı çıxış etmədilər, əksinə “indi sayımız azdır” deyərək, iştirakçı sayının çox olacağı təqdirdə qanuna zidd hərəkətlərə, qarşıdurmaya yol verə biləcəklərini elan etmiş oldular. Bu isə o deməkdir ki, son mitinqdə iştirakçıların sayı çox olsaydı, təşkilatçılar qarşıdurmaya gedəcəkdilər. Xaricdəki bəzi destruktiv qüvvələr də Azərbaycanda qarşıdurma yaratmaq, sabitliyi pozmaq üçün bu prosesdən istifadə edəcəkdilər”.

Qüdrət Həsənquliyev deyib ki, sərbəst toplaşmaq azadlığı hər kəsin hüququdur: “Amma heç kim bu azadlıqdan sui-istifadə edə, vətəndaşların təhlükəsizliyinə təhdid yarada, qarşıdurmaya cəhd göstərə bilməz”.

BAXCP sədi hətta bəzi qrupların ölkənin xaricində olan destruktiv qüvvələrlə danışıqlar apardığını, onları Azərbaycanda qarşıdurma yaratmaq üçün prosesə cəlb etmək niyyəti ilə hərəkətə keçdiklərini də bildirib. Ona görə də Qüdrət Həsənquliyev vətəndaşları ayıq olmağa çağırıb: “Məqsəd bu və ya digər problemlərin həllinə nail olmaq yox, insanlarımızı qarşıdurmaya aparıb ölkədə sabitliyi pozmağa və bunun uzun müddət davam etməsinə zəmin yaratmağa, son nəticədə düşmənlərimiz qarşısında müqavimət gücümüzün azaldılmasına cəhd göstərməkdən ibarətdir”. 

BAXCP sədri eyni zamanda əminliyini bildirib ki, heç kim Azərbaycanda qarşıdurma yarada və sabitliyi poza bilməyəcək.