XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2019 - 20:28

Pensiya və müavinətlər nə qədər artacaq? –Ekspert detalları açıqladı

“Azərbaycan prezidentinin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək. Bu və eləcə də əvvəlki artımlar ilə bağlı bizə daha çox ünvanlanan suallar içərsində əllilliyə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırıldığı ilə bağlı sorğu daha çox qeyd olunur”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, minimum pensiya artırıldıqdan sonra “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsində edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb olub:

“Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Qeyd edim ki, əvvəllər bu rəqəm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə, o zaman pensiya məbləğinin nə qədər olmasından asılı olmayaraq, 160 manata çatdırılacaq. Bu, o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bu daha yüksək ola bilər. Buna görə də öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımız onların aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirməkləri vacibdir.

Bəs, fiziki imkanı məhdud olan şəxs hansı hallarda pensiya və sosial müavinət alır? Əmək pensiyası haqqında qanuna əsaəsn, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Həmin qanuna əsasən, həmçinin hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinat haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır”.

Vüqar Bayramov qeyd edib ki, yeni sərəncam ilə fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinətlə yanaşı, hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib:

“Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərcilə birlikdə 200 manat olacaq. Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncamla sosial müavinətlərin artımına ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və 577 min nəfəri əhatə edəcək”.