XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2019 - 16:50

Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Memarlar İttifaqı… –Prezident bu qurumlara vəsait ayırdı + SİYAHI

Bu gün Prezident İlham Əliyev “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam verib.

Strateq.az bildirir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir.

Qeyd edilib ki, ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Beləliklə, Azərbaycan yaradıcılıq ittifaqları və birliklərinin müraciətlərini nəzərə alaraq, onların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.