XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 Mart 2015 - 12:51

Döyüş Bayrağı təqdimatı – hərbi quruculuqda təsirli üsul kimi

üzeyir Cəfərov: “Bu, gənclər arasında hərbi xidmətə diqqəti daha da artıracaq”

“Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş tədbirin keçirilməsi tamamilə doğru və düzgün addımdır”

Martın 2-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim keçirilib. Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə daxili işlər nazirinin qarşılanması olub, nazir müavini – Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayıb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.
Döyüş Bayrağının təqdim olunması ilə bağlı xüsusi mərasimin keçirilməsi və orada yüksək rütbəli şəxslərin iştirak etməsi hərbçilərin döyüş ruhunun artmasına xidmət edir. Bunun ənənə halını alması sonrakı dönəmlərdə gənclərin daha həvəslə orduda xidmət etməsinə yardım göstərir. Bu da, öz növbəsində, gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə gətirib çıxarır. Bir sıra xüsusi hərbi ənənələri olan ölkələrin təcrübəsinə baxsaq görərik ki, bənzər tədbirlərin keçirilməsi ordunun mənəvi və psixoloji cəhətdən güclənməsinə müsbət təsir göstərir.
Bütün hallarda, Azərbaycanda Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş mərasim keçirilməsi gənclər arasında hərbi vətənpərvərlik ruhunun artmasına necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən hərbi ekspert üzeyir Cəfərovun sözlərinə görə, bu cür tədbirin keçirilməsi gənclər üçün müstəsna əhəmiyyət kəsb edir: “Bu ümumi qəbul olunmuş qaydadır. Nizamnaməyə əsasən, Döyüş Bayrağı hərbi hissənin taleyini həll edir. Hətta müharibə vaxtı hər hansı hərbi hissə Döyüş Bayrağını itirərdisə, ondan sonra həmin hərbi hissə nizamnamənin tələblərinə əsasən ləğv olunurdu. Bənzər müddəa bizim də güc strukturlarının nizamnaməsində var. Döyüş Bayrağının təqdim olunmasına həsr edilmiş tədbirin keçirilməsi tamamilə doğru və düzgün addımdır. çünki hər bir ölkənin atributu olduğu kimi, Döyüş Bayrağı da hərbi hissənin atributudur. Ona görə də belə bir mühüm tədbirin keçirilməsi gənclər arasında hərbi vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsinə xidmət edir.
Təqdimetmə mərasimində ən yüksək rütbəli şəxsin iştirak etməsi xüsusilə müsbət əhəmiyyət kəsb edir. Bunun həyata keçirilməsinin əhəmiyyəti o qədər böyükdür ki, bu bütün şəxsi heyət üçün döyüş əmrinə bərabər bir tapşırıqdır. Bu, gənclər arasında hərbi xidmətə diqqəti daha da artıracaq”.

Vidadi ORDAHALLI