İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatdı –Detallar açıqlanmır, həmsədrlərin bəyanatı gözlənilir
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.
Strateq.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.
O bildirib ki, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan liderlərinin təkbətək görüşünün 1,5 saat davam etməsi haqda xəbər yayılıb.
Diqqətçəkən məqamlardan biri də budur ki, Prezident İlham Əliyev Paşinyanı görüş məkanında xeyli gözlədib. O, məkana Paşinyandan sonra gəlib. İlham Əliyevin gəlişi jurnalistlər tərəfindən daha böyük maraqla izlənilib, xeyli fotolar çəkilib. Bu, erməni jurnalistlərinin yaydığı videodan da aydın görünür.
Görüşün detalları hələlik açıqlanmayıb. Həmsədrlərin bəyanat yayacağı gözlənilir.