XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2015 - 21:04

İskəndər Həmidov: “O, məni oğlu kimi istəyib”

Dünən Strateq.az saytında getmiş mərhum xalq şairi Bəxtiyar Vahabzadənin sabiq Daxili işlər naziri İskəndər Həmidova ünvanladığı məktub ciddi ictimai rezonans yaradıb (bax: “Bəxtiyar Vahabzadənin Daxili işlər nazirinə şok məktubu üzə çıxdı”) . Məktubun mətni sosial şəbəkələrdə geniş müzakirəyə çıxarılaraq, həm o dövrdə Elçibəy komandasının idarəçilik məsələsinə bir daha diqqət yetirilib, həm də günümüzlə paralellər aparılıb…

Həbsdən yenicə çıxmış keçmiş vicdan məhbusu, jurnalist Əvəz Zeynallının rəhbəri olduğu “Xural.com” saytı isə məsələ ilə bağlı sabiq Daxili işlər naziri İskəndər Həmidovun mövqeyini öyrənib. Məktubu “cəfəngiyyat” sayan İ.Həmidov XuralTAC-a deyib: “Məktubun nə stilistikası, nə da xətt Bəxtiyar Vahabzadəyə məxsus deyil”.

üstəlik, İ.Həmidov Bəxtiyar Vahabzadənin həmişə hörmətini saxladığını vurğulayaraq, “O, məni oğlu kimi istəyib” deyib: “Bəxtiyar Vahabzadə hamımızın hörmətini saxladığımız bir insan olub. Nəinki qəbul etməmək, o, hər yanıma gələndə ayağa durub qarşılamışam, paltosunu tutmuşam. O, məni oğlu kimi istəyib. Hamımızın ağsaqqalı olub və istədiyi zaman yanıma gəlib. Bunu Bəxtiyar Vahabzadənin ailəsi də təsdiq edə bilər. Hətta Bəxtiyar Vahabzadə mənimlə bağlı Heydər Əliyevə məktub yazıb. O məktubu niyə dərc etmirlər? Sözügedən məktub isə tamamilə cəfəngiyyatdır və bir daha deyirəm ki, böyük şairimiz Bəxtiyar Vahabzadə ilə qətiyyən əlaqəsi yoxdur”.

Məktubla bağlı Moderator.az-a açıqlama verən eks-spiker Rəsul Quliyev isə cəbhə hakimiyyəti dövründə B.Vahabzadəyə olan münasibətlə bağlı maraqlı fikirlər səsləndirib: “Bəxtiyar müəllimi yaxşı tanıyırdım və çox isti münasibətlərimiz var idi. Hətta onun övladlarının birini imtahan da etmişdim – özünün xahişi ilə. Bəxtiyar müəllim, harada işləməyimdən asılı olmayaraq, – direktorluqdan tutmuş Ali Sovetin sədrinə qədər, – istənilən vaxt heç bir zəng etmədən mənim kabinetimə daxil olmaq şərəfinə layiq bilinirdi. O məktubun yazılması səbəblərini bilmirəm, ancaq əminəm ki, onu çox qəzəbləndiriblər, xaraktercə çılğın olmasına baxmayaraq, ədəb normalarına maksimum riayət edən insan idi. O dövrdəki hökümətdə olanların arasında Bəxtiyar müəllimə hörmətlə yanaşanlar kifayət qədər idi. Elə birincisi, Əbülfəz Elçibəyin ona münasibəti çox yaxşı idi. O ki qaldı, ümumiyyətlə, o dövrdə hakimiyyətdə olanların keyfiyyətlərinə, deyim ki, heç bir ölkədə heç bir vaxt bu səviyyədə qeyri-professional, davranış qaydalarını bilməyən insanlar bir yerə yığışmamışdılar. İçərilərində bir-iki normal insan var idi. Ancaq onları da özləri qəbul etmirdilər. Bir sözlə, bu adamların bir il hakimiyyətdə qala bilmələri Azərbaycan xalqının nə səviyyədə inert olduğuna dəlalət edir”.

Qeyd edək ki, media orqanları məktubun ilk dəfə yayıldığı Strateq.az saytının təsisçisi və baş redaktoru Elxan Şükürlünün də mövqeyini öyrəniblər. E.Şükürlü bildirib ki, məktub, həqiqətən, Bəxtiyar Vahabzadəyə aiddir: “Məktubun orijinalı– üzərindəki sərt ifadələri yumşaldan düzəlişlərlə bərabər – hazırda Milli Arxiv İdarəsində saxlanılır. Arzu və ya şübhə edənlər, rəsmi şəkildə Milli Arxiv İdarəsinə müraciət edə bilərlər. Qaldı İskəndər bəyin söylədiyi “Bəxtiyar Vahabzadənin mənimlə bağlı Heydər Əliyevə yazdığı məktubu niyə dərc etmirlər” fikrinə, biz məmnuniyyətlə o məktubu da işıqlandırmağa hazırıq. Təki, İskəndər bəy onu bizə təqdim etsin”.