XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 10:20

Tofiq Yaqublu məhbəsə qaytarılmamalıydı

Tofiq Yaqublunun bir həftəlik yas iznindən sonra yenidən həbsxanaya qaytarılması xəbəri bəndənizi xeyli sarsıtdı. Açığı, mövcud hakimiyyətin hümanizminə inananlardan olmasam da, hər halda müsibətlər çəkmiş bir vətəndaşın övlad acısını öz doğma ocağında keçirməsinə bunca xəsisliklə yanaşılacağını da gözləmirdim. Bir həftə, bəlkə, yas mərasiminə gələn təziyyə ziyarətçilərini qarşılayıb yola salmaq üçün kifayət edə bilər. Fəqət övladını itirmiş bir atanın ailəsini ovundurmağa yetməz. Hökumət heç olmasa bu amili nəzərə almalıydı. üstəlik, Tofiq bəyin çəkdiyi cəza da ədalətli deyil. Onu iştirak etmədiyi bir əmələ görə həbsə atıblar.

Düzünü desəm, Töfiq bəyin iştirak edib etməməyindən asılı olmayaraq, ittiham olunduğu əməlin hətta özünü belə cinayət hadisəsi saymaq çətindir. Gərçi, 2013-cü ilin Yanvar ayında soyuq qış gecəsinə cəhənnəm hərarəti gətirən İsmayıllı olayı bütün hallarda bir qiyam idi və dövlət iradəsinə qarşı qaldırılmış qiyam qanunən ağır cinayət hadisəsi sayılır. Buna baxmayaraq, hər qiyamı da dövlət dəyərlərinə qarşı həyata keçirilən siyasi aksiya saymaq olmaz. Həmin gün ismayıllılar dövlətə qarşı yox, onun adından rayonlarında at oynadan məmur özbaşınalığına qarşı ayaqlanmışdılar. Qiyamçıların əməlləri də qanun tərəfindən bu cür tövsif olunmalı; cinayət əməli kimi yox, əksinə, cinayət əməlinə qarşı ümumxalq reaksiyası kimi qiymətləndirilməli və məhkəmə də ictimai qınağa, reaksiyaya səbəb olan əməli mühakimə etməliydi. Nə yazıq ki, İsmayıllı cinayətinin qəbzi malı-mülkü talanan, özü min cür təhqirlərə məruz qalan sadə vətəndaşlara kəsildi. Cinayətin əsl törədiciləri isə, sadəcə, istefaya göndərildilər. ölkə başçısının təbiriylə desək, bu “qudurğançılıq” qarşılığında bu cəza “qudurğanların” saçını tumarlamaqdan başqa bir şey deyildi və digər məmurları “qudurğançılığa” həvəsləndirirdi.

Ən dəhşətlisi isə odur ki, əvvəlcədən planlaşdırılmayan və illərlə yığılıb ani bir partlayışla nəticələnən qiyamda İsmayılla yaxından-uzaqdan əlaqəsi olmayanlar da “qurunun oduna yandılar”. Onlardan biri dəTofiq bəy idi. Heç olmasa, bu günahsızlığı nəzərə alınıb onun cəzasına xitam verilməli, ürəyi parçalanan ailəsini ovundurmasına şərait yaradılmalı idi.

üstəlik, siyasi məhbuslarla bağlı ölkəmizə təzyiqlərin artdığı bir zamanda Tofiq bəyin azadlığa buraxılması yanğını qismən söndürmək effekti verər, Azərbaycan hakimiyyətinin, deyildiyi kimi, repressiv zor aparatı olmadığını təsdiqləyərdi. Dövlətimizin mənfi beynəlxalq imicinin formalaşdığı indiki çağda atılacaq bu hümanist addım təkcə hakimiyyətin beynəlxalq toplantılarda arqumentini gücləndirən fakt olaraq qalmaz, həm də əleyhimizə aparılan məkrli təbliğatların dəlilinə çevrilməzdi. Sirr deyil ki, Qarabağ ermənilərinin insan hüquqlarını əllərində rəhbər tutan üzdəniraq qonşularımız ölkəmizdə despot bir rejimin mövcudluğunu irəli sürür və öz xalqına acımayan iqtidarın onların başına nə oyun aça biləcəklərindən ehtiyatlandıqlarını dilə gətirirlər. ürəyi övlad itkisiylə yaralanmış günahsız bir atanın üzləşdiyi dramatik durum isə bu təbliğatın inandırıcılığını artırır. Sonra da öz bəsirətsiz siyasətlərinin ağır nəticələriylə qarşılaşan hakimiyyət günahı özündə yox, “ermənipərəstlər”in müdafiə etdiyi Azərbaycan müxalifətində görür.

Tofiq bəyin azadlığa buraxılması dövlətin uzunömürlülüyünü artıran ədalət və mərhəmət imicinin yaradılması üçün də vacib idi. İndiyə qədər mövcud olan bütün dövlətlər ictimai rəydə oturuşmuş bu imicin hesabına ayaqda durub və durmaqdadır. İstənilən toplum ağaların kərəminə, boyun əydiyi siyasi sistemlərin ədalətinə inandığı müddətcə itaətkar olur və onun uğrunda hər fədakarlığa getməkdən çəkinmir. Zor gücünə, dəyənək hesabına əldə saxlanılmağa çalışılan dövlətlərin əhalisi isə getdikcə siyasi iradədən uzaqlaşır, nəticədə ictimai şüurda dövlətə məhəbbətin yerini, xof və qorxu tutur. Qorxuyla idarə olunan cəmiyyətlər isə ya öz daxili etirazlarının sayəsində, ya da kənardan müdaxilələr hesabına bir gün mütləq çöküş prosesini yaşayır. Necə ki, tarixin ən böyük siyasət adamlarından hesab olunan Bismarkın bu barədə məşhur bir ifadəsi var-“Dəyənəklə hakimiyyət qura bilərsən, dəyənək üstündə oturmaq isə əsla mümkün deyil”.

Hesab edirəm ki, Azərbaycan dövlətçiliyi özünün quruculuq dövrünü artıq tamamlayıb; buna görə də dəyənəklə idarəçilik strategiyasını dəyişməli, xof və qorxu səltənətindən sevgi, mərhəmət və ədalət cənnətinə çevrilməlidir. Əks halda dəyənəklə idarəçilik metodu getdikcə ictimai ümidləri məhv edə və ciddi sosial narazılıqlarla nəticələnə bilər. Bu istiqamətdə atılacaq ən gözəl addım isə ədalətə olan inamın bərpasıdır. Tofiq Yaqublu və onun kimi çoxsaylı siyasi məhbusların ədalətsiz həbsinə xitam vermək isə ədalətə inamı və dövlətə ictimai rəğbəti artırardı.

Tofiq Yaqublu hər şeydən öncə öz vətəninə, el-obasına, dövlətçilik prinsiplərinə bağlı adamdır. Onun könüllü olaraq müdafiəsinə getdiyi Qarabağda göstərdiyi şücaətlər bu gün belə dillərdə əzbərdir. Son zamanlar sərhəddimizdə gərginliyin artığı bir şəraitdə Tofiq bəyin layiq olduğu azadlığına qovuşması insanlarda vətənpərvərlik ruhunun artırılmasına xidmət edərdi. Sabah əsgərliyə gedəcək oğullarımız fədakarlıqlarının nə zamansa qiymətləndiriləcəyinə inanar, beləcə onların döyüş ruhları artırılmış olardı.

Nə yazıq ki, yalnız mənim deyil, bəlkə də ictimaiyyətimizin əksər kəsiminin arzusuna çevrilən bu ümid Tofiq bəyin həbsxanadan bir həftəliyinə azadlığa buraxılmasıyla cücərdiyi kimi, onun yenidən zindana salınmasıyla da soldu. Könül istərdi ki, Azərbaycan hakimiyyəti heç olmasa bundan sonra daha dərin düşünəcək və ən doğru addımı atacaq.

Heydər Oğuz

Strateq.az