XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2016 - 20:49

Yeni İnzibati Xətalar Məcəlləsindəcərimələr sərtləşdirilib

IXM

 

Azərbaycanda bu gündən etibarən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir. 

 

Yeni məcəllə ilə bağlı musavat.com-a danışan ekspert Ərşad Hüseynov bildirib ki, edilən dəyişikliklərə ümumi yanaşarsaq, cərimələrin sərtləşdiyi anlaşılar: “Yeni İnzibati Xətalar Məcəlləsində müəyyən məsələlər daha da konkretləşdirilib. Bu baxımdan demək olar ki, dəyişiklik irəliyə doğru atılmış bir addımdır. Yeni məcəllə əvvəlkindəki bəzi qüsurları aradan qaldırıb. Ancaq şübhəsiz ki, mükəmməl qanun olmur. Yəqin bu qanunda da hansısa yenidən işləmələr olacaq.

 

Bildiyiniz kimi İnzibati Xətalar Məcəlləsi təkcə sürücülərə aid deyil. Burada ticarət, gömrük, elektrik enerjisindən istifadə və digər bu kimi qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulub. Əgər bütün bunlara ümumi yanaşarsaq, deyə bilərik ki, cərimələrdə sərtləşmələr var. Konkret yol hərəkəti ilə bağlı cərimələrə gəlincə isə burada demək olar ki, elə də ciddi dəyişiklik edilməyib. Lakin bəzi cərimələrdə  az miqdarda artım, çox az bir qismində isə azalma var.

 

Azalma isə əslində konkretləşmə istiqamətindədir. Misal üçün əgər əvvəllər sürücü yolayrıcında piyadaya yol vermədikdə 60 manat və 3 bal cərimə edilirdisə, hazırda istər yolayrıcında, istərsə də yolun istənilən hissəsindən keçən piyadaya yol verməyən sürücülər 50 manat cərimə ediləcəklər”.

 

Qeyd edək ki, əvvəlki məcəlləyə əlavə və dəyişikliklər edildikdən sonra maddələrin sayı 458-dən 609-a çatıb. Dəyişikliklər isə əsasən aşağıdakılardır:

 

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq. 

 

2. Motosiklet sürücüləri həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

 

3. Yeni məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. 

 

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər) əvvəlkindən fərqli olaraq 80 manat yox, 100 manat cərimə olunacaq.

 

5. İcbari sığortası olmayan nəqliyyat vasitələrinə də elektron protokol – MMX tərtib olunacaq.

 

6. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda, DYP əməkdaşının yerində üç saat gözləməsinə gərək qalmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

 

7. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. 

 

8. Sürücü avtomobili sərxoş vəziyyətdə idarə etməklə yanaşı, işıqforun qırmızı işığında keçdikdə, yəni  sərxoşluqdan başqa daha bir qayda pozuntusu etdikdə cərimələr ayrı-ayrılıqda hesablanırdı. Ancaq hazırda hər iki addım bir qayda pozuntusu hesab olunur və bir cərimə təyin edilir.