XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 18:52

Rusiya XİN Ermənistanla bağlı sensasion hesabat yaydı –Detallar

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin yayılması və onun müasir dövrdə təşviqinə imkan yaradan digər növlərinə, o cümlədən irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı olan dözümsüzlüyə dair vəziyyət” adlı hesabat dərc edib.

Hesabatda Ermənistana ayrıca bölmə həsr olunub.

Hesabatda qeyd edilir ki, Ermənistanın keçmiş iqtidar partiyası – Respublika Partiyası “Qaregin Njde kimi fəaliyyəti birmənalı olmayan, Üçüncü Reyxlə əməkdaşlıq etmiş siyasi xadimin xatirəsinin əbədiləşdirilməsinə dair addımlar atıb.

Qeyd edək ki, söhbət erməni hərbi və dövlət lideri, erməni xalqının qəhrəmanı Qaregin Njdedən gedir. Onun prinsipləri Ermənistanın Respublika Partiyasının əsasında dayanır.

“Ermənistandakı siyasi təşkilatlar arasında milliyyətçi mövqeyi ilə seçilənlər arasında 2018-ci ilin payızında siyasi partiya olaraq qeydiyyatdan keçmiş “Sasna Tsrer”i də qeyd etmək olar. “Sasna Tsrer” ideologiyasının əsasında Ermənistan Respublikasının “cinayətkar rus-türk müqaviləsi”nin (1921-ci il Moskva müqaviləsi) ləğvi və “yeni dövlətin yaradılması” üçün mübarizə dayanır. Partiyanın məramları sırasında, həmçinin ölkənin mövcud ərazisi və Dağlıq Qarabağ da daxil olmaqla “yeni Ermənistanın yaradılması” və referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsi dayanır. Partiyanın proqramında “rus müstəmləkəçiliyi tərəfindən pozulmuş hüquqların bərpası” və “Naxçıvana və Axuryan çayının qərbində Ermənistanın səlahiyyətini” bərpa etmək də özünə yer tapıb”, – deyə hesabatda bildirilib.

Bildirilir ki, Ermənistanda irqçilik və xarici düşmənçilik təzahürləri vahidlik xarakteri daşıyır:

“Dövri olaraq İran və Hindistandan gələnlərlə yerli erməni əhali arasında ədavətin olduğuna dair məlumat yayılır. Bu da bir çox hallarda gələnlərin özünü qeyri-mütənasib aparmaları ilə bağlıdır”.

Qeyd olunur ki, irqi zəmində törədilən cinayət hallarına görə Ermənistan Cinayət Məcəlləsində cəza müəyyən edilməsi nəzərdə tutulub. Belə ki, bu motivli cinayət törədənlər 2 ildən 4 ilədək azadlıqdan məhrum edilə bilərlər. Mətbuatda bu cür hallara yol verənlərin cəzası isə 3 ildən 6 ilədək həbsdir.

Hesabatda əksini tapmasa da qeyd etmək yerinə düşər ki, 2017-ci ildə Rusiyanın “Zvezda” telekanalında “Proqnozlar” tok-şousunda aparıcı, politoloq Veronika Kraşeninnikova Ermənistanın Avropa İttifaqına daxil olmasının mümkünlüyü mövzusuna toxunub. Aparıcı Ukrayna ilə paralellər aparıb, həmçinin erməni hərbi və dövlət xadimi Qaregin Njdeni faşist adlandırıb və hakim Respublika Partiyasının üzvlərini faşistlərlə müqayisə edib. Daha sonra “Zvezda” telekanalı “Proqnozlar” tok-şousunun bu buraxılışını özünün “YouTube” kanalından silib. Bir gün sonra isə telekanalın nümayəndəsi tok-şounun bu buraxılışına görə üzr istəyib və Rusiyanın Ermənistandakı səfiri Vardan Toqanyana üzrxahlıq məktubu göndərib. Məktubda aparıcının sözləri xəta adlandırılıb/Teleqraf.com.