XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

10 May 2019 - 03:52

Makron və Merkel İranla gərginliyi azaltmağa çalışırlar –Tramp isə "mənə zəng vursunlar" deyir

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel İranla nüvə sazişi ilə bağlı gərginliyin artırılmasına qarşı çıxıblar.

Bundan bir qədər əvvəl Tehran 2015-ci il nüvə sazişi üzrə bəzi öhdəliklərinin yerinı yetirilməsini dayandıracağını bəyan etmişdi.

ABŞ prezidenti Donald Tramp isə mayın 8-də deyib ki, o, İran liderləri ilə “danışıqlara açıqdır”.

Amma elə eyni gündə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook Tehranı “nüvə şantajına” əl atmaqda ittiham edib.

Mayın 9-da Avropa İttifaqının sammitinə qoşulmazdan əvvəl Rumıniyaya səfərdə olan Makron deyib: “İran bu sazişdə qalmalıdır və biz onun bu sazişdə qalması üçün əlimizdən gələni etməliyik”.

O, sazişi imzalamış ölkələri “hər hansı eskalasiyaya” yuvarlanmamağa və “kollektiv təhlükəsizliyə birgə nəzarət etməyə” çağırıb.

Öz növbəsində Merkel deyib ki, “Avropa İttifaqı eskalasiyadan yayınmağa çalışır və İran onun öz maraqları naminə” nüvə sazişinə sadiq qalmalıdır: “Biz bu məqamda əllərimizi uzatmışıq, bu məsələnin diplomatik həlli üçün səylərin davam etdirilməsini istəyirik”.

Tramp İranın son bəyantına münasibət bildirməyib. Lakin o, Ağ Evdə jurnalistlərə deyib ki, İran liderlərinin onunla əlaqəyə girməsini istəyir: “Mənim İrandan istədiyim odur ki, onlar mənə zəng etsinlər”.

İki ölkə arasında münasibətlərin son dərəcə gərginləşdiyi bir vaxtda Tramp bildirib ki, Vaşinqton Tehranla qarşıdurma axtarmır: “Mən onların güclü və qüdrətli olmasını, yaxşı iqtisadiyyatlarının olmasını istəyirəm. Biz ədalətli razılaşma əldə edə bilərik”.

Makron bildirib ki, 2015-ci il razılaşması İranın nüvə ambisiyalarının buxovlanması üçün “yaxşı sazişdir”, lakin bu sənəd İranın raket proqramı və onun potensial olaraq Yaxın Şərqdə sabitliyi pozmamaq öhdəliyi barədə müddəalarla tamamlanmalıdır.