Bu gün Türkiyə prezidenti Ərdoğan 23 iyunda İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkilərlə bağlı danışıb.
Strateq.az xəbər verir ki, o, “CNN-Türk”ə müsahibəsində Türkiyə demokratiyasının 23 iyunda keçiriləcək seçkidən alnı açıq çıxacağını əminliklə deyib.
Bundan sonra Ərdoğan ad çəkməsə də, AKP-nin şinelindən çıxıb, ancaq təkrar seçki ilə bağlı əks mövqedə olan sabiq prezident Abdullah Güllə keçmiş Baş nazir Əhməd Davudoğluna səslənib:
“Biz bu günə qədər bütün hücumların öhdəindən bir-birimizə bağlanaraq, gəldik. Aramıza fitnə soxmadıq, qardaşlığımıza ləkə sürdürmədik. İndi qarşımızda duran zehniyyəti görürsüz. FETÖ-nün ağzıyla danışır, bir yerlərə mesaj verirlər”.
Ərdoğan deyib ki, fikir ayrılıqlarının dava qardaşlığının önünə keçməsinə icazə verilməməlidir: “Biz buna imkan verməməliyik. Xətasız, qüsursuz yalnız aləmlərin Rəbbi olan Allahdır. Bizim də xətamız, nöqsanlarımız olmuşdur, olacaqdır. Ancaq adına Türkiyə dediyimiz davamıza xəyanət mümkün deyildir”.
Prezident deyib: “Bizi İstanbulda bələdiyyə sədrliyinə 1994 seçkilərindəki ruh daşıdı. 2002-də iqtidara millətimizlə qurduğumuz könül körpüsü götürdü. Bu ruh və könül bağını qoruduqca, Allahın izniylə, millətimiz bizə güvənməyə, dəstəkləməyə davam edəcəkdir”.