Nerdun Hacıoğlu
“Hürriyet”, Türkiyə, 13 may 2019-cu il
ABŞ Xarici işlər naziri Mayk Pompeo Rusiya Prezidenti Vladimir Putin və Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün bu gün Soçi şəhərinə gedir. Gündəlikdə İran böhranı, Suriya müharibəsi və nüvə silahsızlanması kimi önəmli məsələlər var.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə üç həftə öncə apardığı telefon danışığından sonra Xarici işlər naziri Mayk Pompeonu Rusiyaya göndərir. Bu gün və sabah Soçidə olacaq Pompeonun Putin tərəfindən qəbul edilməsi gözlənilir.
Suriya və Əfqanıstan
Pompeonun xarici işlər naziri sifətilə Rusiyaya həyata keçirdiyi bu ilk ziyarətdən öncə hər iki tərəfdən də gündəliklə əlaqədar açıqlamalar gəlib.
Pompeo deyib: “ABŞ-la Rusiyanın görüşlərinin bir çox məsələdə üst-üstə düşməməsinə, bir-birinə zidd qütblərdə yer almasına rəğmən, biz yenə də Rusiya ilə ortaq hərəkət edə biləcəyimiz sahələrin olduğuna inandığımız üçün bu səfəri həyata keçiririk. Xüsusilə MKİ (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru olduğum dövrdə Rusiyadakı məsləkdaşlarımla terrorizmlə mübarizə sahəsində faydalı əməkdaşlığımız olub. İndi də bu müsbət birlikdə çalışma təcrübələrimizi Suriya və Əfqanıstan məsələsində davam etdirə bilərik”.
Rusiya Xarici İşlər Nazirliyi isə yazılı açıqlama yayaraq, belə deyib: “ABŞ Prezidenti Trampın dəfələrlə gündəliyə gətirdiyi Rusiya ilə münasibətləri yoluna qoyma təşəbbüsü Pompeonun səfəri zamanı müzakirə ediləcək. ABŞ tərəfinin təşəbbüsü ilə Rusiyaya ilk səfərini həyata keçirəcək Pompeo ilə rus həmkarı Sergey Lavrov gündəlikdə olan bütün problemli beynəlxalq məsələləri müzakirə edəcəklər. Görüşlərin gedişindən və alınan ilkin nəticələrdən asılı olaraq, qonaq nazirin Rusiya Prezidenti Putin tərəfindən də qəbul edilməsi mümkün ola bilər. Biz, hər zaman olduğu kimi, ABŞ-la Rusiya arasında münasibətlərin düzəlməsi üçün ilk addımın Vaşinqton tərəfindən atılmalı olduğunu düşünürük. Vaşinqton administrasiyasının Moskva ilə “bərabər olanlar arasında bərabər dialoq xətti”nə dönməsi halında, müvəffəqiyyət əldə edə biləcəyinə inanırıq.”
Trampla Putinin ötən ilin iyul ayında üzbəüz görüşməsindən sonra iki ölkə arasında reallaşması gözlənilən bu ilk yüksək səviyyəli görüşdə nüvə silahsızlanması müqavilələrinin yenilənməsi, İran böhranı, Suriya müharibəsi və Əfqanıstandakı sülh prosesi kimi kritik məsələlərin müzakirə edilməsi gözlənilir.
Sonda onu da qeyd edək ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Tramp lehinə müdaxilə etməsilə bağlı irəli sürülən iddialar münasibətlərə kölgə salmışdı. Ancaq xüsusi prokuror Robert Müllerin apardığı təhqiqat nəticəsində hər hansı bir cinayət tərkibi təsbit edilməmişdir. Siyasi ekspertlər bu durumun Tramp iqtidarı ilə Rusiya arasında münasibətləri rahatlada biləcəyi haqqında şərhlər verirlər.
Tərcümə Strateq.az-ındır