“İş adamları devalvasiyadan sonra aşağı əmək haqqı alan insanları ən azı bir azərbaycanlı, bir insan kimi daha çox düşünməli olsa da, amma bəzi işbazlar tərəfindən sui-istifadələr, insafsızlıqlar var. Xüsusilə gündəlik təlabat malları, ərzaq məhsullarının qiymətlərinin surətlə artmaması üçün bütün mexanizmlər işə salınmalıdır və bazarda kimlərinsə qiymət diktə etməsinə yol verilməməlidir”.
Strateq.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva sosial şəbəkədə ölkədə ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.
Deputat, prezident İlham Əliyevin Nazirlər Kabinetinin "2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunan iclasında ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımı ilə bağlı xəbərdarlıqlarınıb bəhrə verəcəyinə inandığını bildirib və əlavə edib ki, müvafiq dövlət qurumlarıbu tapşırıqları ciddi şəkildə yerinə yetirəcək və bu kimi hallara son qoyucaqlar:
“Hətta bəzi yerlərdə çörəyin qiymətini onun çəkisini azaltmaq yolu ilə bahalaşdırmağa çalışanlar, ərzaq məhsullarının qiymətini bir çox hallarda bu günkü vəziyyəti, az təminatlı ailələri düşünmədən “nə olursa-olsun mənə dəxli yoxdur, mən bu qədər pulumu qazanmalıyam, bunda bir az daha az qazanc yetməz”-deyib qaldıranlara da cənab prezidentin çıxışı ciddi xəbərdarlıq olmalıdır. Prezidentin ciddi tapşırıqları indiki məqamda çox vacib idi. Ümid edirik ki, lazımi qurumlar məsələyə ciddi yanaşacaqlar və ciddi tədbirlər görüləcək.
Prezidentin də vurğuladığı kimi, xalqın maraqları hər şeydən üstün olmalıdır və o bununla bağlı çox sərt mövqe ortaya qoydu. Ümidvaram ki, cənab Prezidentin bu çıxışından, bu tapşırıqlarından sonra artıq ölkədə insanları, az təminatlı, kasıb ailələri düşünmədən “nə olursa-olsun, kim ağır vəziyyətdə qalırsa-qalsın mənə dəxli yoxdur mən daha da çox qazanmalıyam”, – deyib insanfsızca qiymət artıranlara qarşı ciddi tədbirlər görüləcək və onların arasında bazarda qiymət diktə etmək gücündə olanların bu gücü haradan aldıqları ortaya çıxarılıb, iqtisadi və hüquqi yollarla məsələlər tənzimlənəcək.
İndiki vəziyyətdə hamımız kasıb, az təminatlı ailələri daha çox düşünməliyik. Hər birimiz fərd olaraq daha çox qazanmaq deyil, cəmiyyət olaraq daha çox qazanmaq barədə düşünməliyik”.