"Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında dialoq başlamalıdır. Bu, həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olardı".
Strateq.az xəbər verir ki, bu təkliflə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa çıxış edib. O bildirib ki, istisnasız olaraq, siyasi partiyaların hamısı bu tədbirə dəvət olunmalıdırlar: "Hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töhfəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqgerlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş və təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır kı, hərtərəfli müzakirə olunsun, vətəndaşlarımızın bu böhrandan çıxması üçün doğru qərarlar alınsın."
Fazil Mustafa hesab edir ki, Milli Məclisdə İqtisadiyyat komitəsinin təşəbbüsü ilə hökumətin iqtisadi blokunun rəhbərləri ilə Samir Əliyev, Azər Mehdiyev, Vüqar Bayramov, Rövşən Ağayev, Qubad İbadoğlu və digər tanınmış müstəqil iqtisadçıların dialoqunun keçirilməsi, fikir mübadiləsinin aparılması, təkliflər və proqnozların müzakirəyə çıxarılması çox yaxşı olardı.
Millət vəkilinin bu təklifinə adıçəkilən iqtisadçı-ekspert Samir Əliyev pozitiv münasibət bildirib. O, Sputnik-ə açıqlamasında bu barədə deyib: "İstənilən halda Fazil bəyin təklifini müsbət qiymətləndirirəm. Etimada görə, ona təşəkkürümü bildirəm. Ölkədə böhran getdikcə dərinləşir. İndi vəziyyət elədir ki, hansı siyasi mövqedə olmasından asılı olmayaraq, hər kəs böhrandan çıxmaq üçün hansısa formada töhfə verməlidir. Bu prosesə vətəndaş cəmiyyəti, siyasi partiyalar da qoşulmalıdır. Son günlər belə təkliflər tez-tez səslənir. Amma mən təkliflərlə yanaşı, müzakirələrin də açılmasına tərəfdaram."
Devalvasiya ilə bağlı prosesin davam etdiyini, dünya bazarında neftin ucuzlaşması prosesinin getdiyini vurğulayan ekspert bu barədə cəmiyyətdəki fikirlərin toplanmasının və effektiv şəkildə qiymətləndirilməsinin zəruri olduğunu qeyd edib: "Bu proseslər ciddi çəkildə müzakirə olunmalı, situasiyaya uyğun olaraq müvafiq qərarların qəbuluna töhfələr verilməlidir. Burada söhbət həm də makroiqtisadi sabitlikdən gedir. Odur ki, bu müzakirələr partiyalararası, ekspertlərarası aparılsa daha yaxşı olar. Nəticədə vəziyyətdən çıxış yollarını tapmaq daha da asanlaşar".