XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 İyul 2019 - 20:57

“MİQ-29-lardan imtina edilməlidir” –Deputat və ekspertdən qəzaya uğrayan 22 milyonluq qırıcı ilə bağlı açıqlamalar

“Azərbaycan “MİQ 29″ qırıcılarının istifadəsindən imtina etməlidir”.

Strateq.az xəbər verir ki, bu sözləri millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

Deputat dünən gecə qəza uğrayan MİQ 29 qırıcı təyyarəsi ilə bağlı danışarkən ilginc fikirlər səsləndirib:

“Azərbaycan “MİQ 29” qırıcılarının istifadəsindən imtina etməlidir. Çünki bu təyyarələrə sahib olan ölkələrin əksəriyyətində bu tipli qəzalar baş verir.

Bundan əlavə, bildiyim qədər biz keçmiş müdafiə naziri Səfər Əbiyevin zamanında Rusiyadan və Ukraynadan bu model köhnə, təmir olunmuş təyyarələr almışıq, çoxu xeyli köhnəlib. Biz pilotlarımızın həyatını riskə atmamalıyıq. Internetdə kiçik bir axtarış etsəniz, bu təyyarələrin nə qədər etibarsız olduğuna əmin olarsınız”.

Keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl da “Bizim Yol”a maraqlı açıqlamalar verib.

O deyib ki, ordunun arsenalında olan silahların köhnəlməsi, bu kimi qəzaların riskini artırır.

Onun sözlərinə görə, bu məsələlər də ciddi araşdırılmalıdır:

“MİQ-29” tipli qırıcı təyyarələrin istehsalına 1980-ci ildən başlanılıb. Keçmişin modifikasiyasıdır. Ordumuzun arsenalında köhnə modifikasiyalar var. Azərbaycan ordusunun arsenalına da 90-cı illərin əvvəllərindən daxil olub. Burada təxribatdan daha çox texnikanın köhnəliyi məsələsi əsas faktordur. Dünyanın hər yerində pilotlar qəzaya uğraya bilir. Bunun səbəbləri, eyni zamanda bugünə qədər baş verən bütün hadisələr ciddi araşdırılmalıdır. Partlayış olmuş silah anbarı, silahların köhnəliyi, zirehli tankların köhnə olması, istehsalının köhnə olması, Rusiyadan və Ukraynadan alınmış, sıradan çıxmış, yenidən işlənmiş texnikaların arsenalımızda olması, hətta korrupsiya halları və digər bu tipli hadisələr araşdırılmalıdır. Bunların nəticəsidir ki, belə qəzalar baş verir.

Bu qırıcı təyyarənin qiyməti 22 milyon dollardır. Bu məsələlərə çox ciddi yanaşılmalı, səhlənkarlıq və təxribat məsələləri araşdırılmalıdır. Təxribat məsələsi inandırıcı görsənmir, daha çox texnikanın köhnəliyi səbəb ola bilər qəzaya. Çox təəssüf ki, nəinki təyyarələr, başqa texnikalar da köhnədir. Sadəcə, təyyarə bu silahların ən bahalısıdır. Pilot həlak olubsa, çox pis, pilotun canı texnikadan daha qiymətlidir bizim üçün, yox, əgər sağdırsa, bu o deməkdir ki, dövlətimizin milyonları batdı. Bizim milyonlarımız yoxdur ki, qırıcılar alaq, vəziyyət gərgindir.

Bu ciddi nəzarətdə olmalıdır. Təəssüflər olsun ki, orduda bu cür səhlənkarlıqlar baş alıb gedir. Heç kim bilmədi ki, Giləzi boyda silah anbarı niyə partladı, dağıldı. Dövlət onu bərpa etmək üçün nə qədər vəsait xərclədi və s. Ordu bilməlidir ki, onun itirdiyi hər bir manat bu xalqın cibindən, belindən, zəhmətindən, iqtisadiyyatından çıxır”.