Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Prezident digər sərəncamla Sənayə və İqtisadiyyat naziri Şahin Mustafayevi İqtisadiyyat naziri təyin edib.