“Türkiyənin Fərat çayının şərqində təhlükəsiz bölgənin yaradılması ilə bağlı ABŞ-la razılaşması mümkün olmayıb”.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisindəki çıxışında deyib.
O təəssüflə bildirib ki, Türkiyənin artıq öz yolu ilə davam etməkdən başqa çarəsi qalmayıb: “Təəssüf ki, ABŞ-la arzu etdiyimiz nəticəni əldə edə bilmədik. İndi Türkiyə bir gün belə itirə bilməz. Biz hazırlığımızı bitirmişik, öz yolumuzla davam edəcəyik”.
Xatırladaq ki, Fərat çayının şərqini PKK/PYD silahlıları ABŞ-ın dəstəyi ilə zəbt edib. Türkiyə ABŞ-ın köməyi ilə onları həmin ərazidən savaşsız çıxarmaq istəsə də, görünür, bu cəhd alınmayıb. Ərdoğanın son çıxışından belə anlaşılır ki, Türkiyə təkbaşına həmin ərazidə əməliyyat keçirmək qərarında dayanacaq.
Yada salaq ki, Ərdoğan təxminən 10 gün əvvəl “Əgər ABŞ-la razılaşa bilməsək, Türkiyə özü əməliyyata başlayacaq”, – mesajını verib.