XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

24 Oktyabr 2019 - 13:44

Azərbaycan XİN başçısı BQXK-nin prezidenti ilə görüşdü:"Əsir və girovlar “hamının-hamıya” prinsipi əsasında azad olunmalıdır"

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. 

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparıldı, tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə ediliib.

E.Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Bu xüsusda nazir saxlanılan əsir-girovların “hamının-hamıya” prinsipi əsasında azad olunması məsələsinə toxunaraq, bu məsələnin öz həllini tapması üçün səylərin davam etdirilməsinin vacibliyini ön plana çəkib.

P.Maurer, öz növbəsində, BQXK tərəfindən davamlı səylərin göstərildiyini qeyd edərək təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib.

Sonra BQXK-nin prezidenti QH-nin Zirvə Görüşünə dəvət edilməsinə görə təşəkkürünü bildirərək BQXK-nin Azərbaycan ilə humanitar sahədə əməkdaşlıq etməyə daim hazır olduğunu dilə gətirib.

Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər – D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.