XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2019 - 13:56

BAKININ İKİ RAYONUNA TƏYİN OLUNAN YENİ İCRA BAŞÇILARI KİMLƏRDİR? –Maraqlı faktlar + FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Quliyev Rafiq Çəpərxan oğlu Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Strateq.az xəbər verir ki, R.Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Yasamala bu gün icra başçısı təyin olunan Elşad Eldar oğlu Həsənov isə deputatdır.

O, 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub.

1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.

1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib.

2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Ailəlidir. 2 övladı var.