XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 14:26

Prezidentin köməkçisindan “mühacir alveri”nə sərt reaksiya:"Bu cinayətə əli bulaşanlar layiqli cəzalarını alacaqlar".

“Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər bir şeyi edir və bundan sonra da edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar da özlərinin layiqli cəzalarını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları dövlətin və respublikasının sağlam qüvvələrinin və dövlətçilik ətrafında sıx birləşəcəklər”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov onların ölkəyə qaytarılmasından sonra müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib: “Bunların heç bir əsası yoxdur. Əlbəttə, onların hər birinin fəaliyyəti – kim hansı yolla ölkəni tərk edib, kim xarici ölkələrə hansı adla gedib – Azərbaycanda araşdırılır və araşdırılacaq. Bunlar müvafiq olaraq araşdırılandan sonra həmin insanlar Azərbaycan vətəndaşıdır. Biz Azərbaycan vətəndaşlarının hər biri – yaxşısı, pisi üçün bu ölkədə yaşayış və iş şəraitini yaratmağa borcluyuq. Azərbaycan dövlətinin və Prezidentinin yürütdüyü siyasətin təməlində insan və vətəndaş amili və onların maraqları dayanır. Ona görə də Azərbaycana qayıdan və qaytarılan həmin insanların ölkəmizin vətəndaşı olaraq hər birinin fəaliyyəti, gələcək həyatını qurması üçün Azərbaycanda lazımi şərait yaradılacaq və onlara zəruri dəstək veriləcək”.

Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vurğulayıb ki, cinayətkarlarla bağlı həm Azərbaycanda, həm də müvafiq xarici ölkələrdə araşdırma aparılır: “Cinayət törətmiş, cinayətin törədilməsində qrup və ya şəxsi formada iştirak etmiş insanlara gəlincə isə onlarla bağlı müvafiq olaraq hüquq-mühafizə orqanları araşdırma aparır. Nəinki bizim hüquq-mühafizə orqanları, o cümlədən Almaniyanın, Fransanın, Avropanın da hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşan insanlar da layiqli cəzalarını alacaqlar”.

“Biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq. Amma öz ölkəsində həm ictimai-siyasi, həm iqtisadi, həm də bütövlükdə bir vətəndaşlıq sahəsində ciddi nümunələr göstərən, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən öz ölkəsini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik. Çoxdan bilirdik ki, bəzi müxalif partiyalar, o cümlədən onların müxtəlif nümayəndələri bu işlə məşğuldur. Biz bunu dəfələrlə bəyan etmişik və sübut etməyə çalışırdıq. Ancaq təəssüflər olsun ki, müxalifət partiyaları bunu etiraf etmirdilər. Nəyə görə bu insanları başqa adlarla, onların fəaliyyəti ilə bağlı uydurma arayışlar hazırlamaqla xarici ölkələrə göndərirdilər. Onların orada yaşadığı həyat tərzini də biz bilirdik. Qaçqın düşərgələrində onlara yaradılan şəraitdən də xəbərimiz var idi. Azərbaycan dövlətinin dəyanətli, dəyərli vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik”, – deyə Ə.Həsənov qeyd edib/Report.