XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 17:54

YENİ MƏRKƏZ YARADILACAQ –Prezident iki qurumun birləşdirilməsi ilə bağlı fərman verdi

Prezident İlham Əliyev “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə aşağıdakı qərar alınıb:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər”.