Türkiyə prezidenti Ərdoğan iranlı general Qasım Süleymani haqqında “şəhid” ifadəsi işlətməyib.
Strateq.az xəbər verir ki, bu barədə Haberler.com saytı Türkiyə Prezident Administrasiyasına (PA) istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ərdoğan generalın rəsmi statusundan dolayı Ruhani ilə telefonda danışığında ona və İran xalqına başsağlığı verib.
Administrasiya yetkilisi sayta bildirib ki, Ərdoğan general Süleymaninin öldürülməsindən sonra bölgədə yaranan gərginliklə əlaqədar İran və İraq prezidentlərinə zəng edib:
“Ərdoğan həm İran, həm də İraq prezidentləri ilə son vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edib. Bundan əlavə, Ərdoğan Süleymaninin rəsmi şəxs statusu ilə əlaqədar Ruhaniyə başsağlığı verdi. Ancaq Süleymani haqqında əsla “şəhid” ifadəsi işlədilmədi. Əksinə, Ərdoğan diplomatik təmasları artırmağı və İranı bölgədə gərginliyi artıracaq addımlardan çəkinməyə çağırdı”.
Xatırladaq ki, Ərdoğanın Qasım Süleymani haqqında “şəhid” ifadəsini işlətməsini ilk olaraq İranın Türkiyədəki səfirliyi “Twitter” hesabından bəyan edib. Bundan sonra başda İran olmaqla, dünyanın əksər media orqanları bu məlumatı manşetlərə daşıyıb.