Xəlifə Həftərın komandanlıq etdiyi Liviya Milli Ordusunun Sirt şəhərini ələ keçirməsi barədə yayılan xəbər yalandır.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə BMT tərəfindən tanınan Liviya Milli Hökumətinə bağlı olan Sirt şəhərinin Təhlükəsizlik Qüvvələri yazılı açıqlama yayıblar.
Açıqlamada bildirilib ki, Həftərə bağlı qruplaşma şəhərə doğru hərəkət etməyə bir neçə dəfə cəhd edib: “Lakin paytaxt Trablusun təxminən 400 km şərqində yerləşən Sirtdəki “17-ci Qapı” deyilən ərazidə onlara məxsus zirehli texnikalar sıradan çıxarılaraq, düşmənə ağır zərbə vurulub. Hazırda şəhərdə bütün ərazilər bizim nəzarətimiz altındadır. Döyüşlər əsasən, şəhərin kənarında davam edir”.
Yazılı açıqlamanın sonunda “Həftərin dəstələrinin Sirtə yönəlik hücumları əzmlə geri püskürtüldü, bunu bütün dünyanın bilməsi lazımdır”, – deyə bildirilib.
Xatırladaq ki, bu gün Xəlifə Həftərin komandanlıq etdiyi Liviya Milli Ordusunun bu gün Sirt şəhərinə daxil olaraq, dəniz limanı ilə yanaşı, şəhərin bir sıra rayonlarını nəzarət altına almaları haqda xəbər yayılıb.
Onu da qeyd edək ki, Sirt Liviyanın üçüncü böyük şəhəri olmaqla yanaşı, Liviyanın 2011-ci ildə öldürülən lideri Qəddafinin vətənidir.