XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2020 - 12:38

Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması qaydası açıqlanıb –Dövlət Agentliyinin sədr müavini

“Pandemiya ilə bağlı Azərbaycanda bir sıra tədbirlər keçirilir. Martın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə qərarı oldu. İnsanların hərəkəti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edildi. Bu qərara əsasən, dövlət və özəl şirkətlərin əməkdaşları və vətəndaşların hərəkəti müəyyən qaydalarla nizamlanacaq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel tarixli qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib. O qeyd edib ki, fəaliyyətinə icazə verilən əməkdaşlar şəxsi məsələlərlə bağlı digər vətəndaşlar kimi icazə üçün SMS göndərməlidirlər, icazələr yalnız həmin şəxslərin fəaliyyəti ilə bağlıdır: “Fəaliyyətinə icazə verilən əməkdaşların icazəsi üçün ilk növbədə dövlət və özəl təşkilatların möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir və axtar düyməsi sıxılır, şəxsin fərdi məlumatları avtomatik olaraq müvafiq xanalarda əks olunur. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” düyməsi sıxılır”.

Salmanov deyib ki, “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur: “”Təsdiqlə” düyməsi sıxılmayıbsa, “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. Müraciətlər tamamlandıqdan sonra əsas səhifədə icazə verilmiş əməkdaş və nəqliyyat vasitələrinin sayı əks olunur. “İcazələr” bölməsində sətirlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək “Yadda saxla” düyməsini sıxmaq kifayətdir”.

Sədr müavini bildirib ki, icazə sistemindən istifadə qaydaları ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmətin” 9108 “Çağrı” Mərkəzinə müraciət oluna bilər.