XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:25

Fazil Mustafadan dilimizin qorunması ilə bağlı maraqlı təkliflər:"Əsas diqqət tərcümə intibahına yönəldilməlidir"

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə bir neçə qanunda təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirə keçirilib.

Strateq.az xəbər verir ki, təklif edilən layihədə dəyişiklik zərurətinin Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsinin vacibliyindən irəli gəldiyi vurğulanır, Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsi məqsədi daşıdığı qeyd olunur.

Eyni zamanda layihədə televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydaların pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq nəzərdə tutulur.

Komitələrin birgə iclasında maraqlı çıxışlardan birini də Milli Məclisin deputatı, BQP sədri Fazil Mustafa edib.

Strateq.az millət vəkilinın bu maraqlı çıxışının mətnini oxuculara təqdim edir:

“Biz, ilk öncə, iki anlayışı bir-birindən ayırmalıyıq: dilin statusu və dilin saflığı. Burada dəyişikliyin mahiyyətində siyasi motiv durur və əsas məqsəd də Azərbaycan dilinin statusunun möhkəmlədilməsi və onun normalarının qəsdən pozulmasının qarşısının alınmasıdır.

Dil dövlətin konstitusion dəyərlərindən biridir və dövlət onun dövlət dili olaraq statusunun qorunması üçün tədbirlər görməlidir. Bu tədbirlər də, əslində ciddi şəkildə görülür, “Dövlət dili haqqında” Qanun qəbul olunub və onun tətbiqi ilə bağlı praktik istiqamətlər müəyyənləşib.

Lakin dilin saflığının qorunması, onun tərkibinin xarici elementlərdən təmizlənməsi kimi istiqamətlər qanunun predmeti ola bilməz. Azərbaycanda dilçilik məktəbləri çox zəifdir, çünki dil problemləri ilə, əsasən, dar ixtisas sahibləri məşğul olurlar. Halbuki XIX əsrdən başlayaraq, Qərb ölkələrində analitik fəlsəfənin meydana çıxışı ilə onun ən populyar qolu olan linqvistik fəlsəfə dilin struktur elementlərini daha əhatəli təhlil etməyə başladı və dil, əsasən, fəlsəfi araşdırmaların predmeti kimi qəbul olundu. Vittqenşteyn, Levi Strauss, Xomski kimi linqvistik fəlsəfənin aparıcı simaları öz əsərləri ilə bu sahəyə böyük töfhə veriblər.

Azərbaycan dilinə Vittqenşteynin də, Xomskinin də bir əsəri tərcümə olunub. Linqvistik fəlsəfənin mahiyyəti ilə bağlı mərhum Fərman İsmayılovun bir sıra tədqiqat əsərləri, eləcə də millət vəkili Etibar Əliyevin “Məktəblinin fəlsəfəsi” kitabında da anlaşılan izahlar verilib.

Bir şeyi unutmamalıyıq ki, bizim dil lokal dildir. Dünyada meta-dil kateqoriyasına aid olan yunan və latın dilləri başqa dillərin alt sisteminə öz anlayışlarını yerləşdirə bildiyinə görə, digər dillərdən fərqlənir.

Hazırda dünya dili hesab olunan ingilis dili, yaxud mədəniyyət dili sayılan fransız dili və ya fəlsəfə dili sayılan alman dili bu meta-dil kateqoriyasına aid edilmirlər.

Bu cür dünya dillərinin özlərini qoruyuculuq həssaslıqları bir-birləri ilə olan rəqabətlə bağlı məsələdir. Ona görə də bizim dilimizin qapalılığında israrçılığın, onun saflığının qorunması istiqamətində atılacaq zədələyici addımların ağır nəticələrini sonradan ortadan qaldırmaq çətin olacaq. Biz dilimizin qapılarını açıq tutmalıyıq, onun yeni sözləri qəbul etməsindən qorxmamalıyıq, bu yeni terminlər dili heç vaxt öldürməz, sadəcə onu zənginləşdirər.

Alman filosofu Haydegger deyirdi: “Dil varlığın evidir”. Bu evin içini yalnız milli kateqoriyaya aid etdiyiniz əşyalarla, elementlərlə doldura bilməzsiniz. Rahatlığınız üçün tələb olunan digər şeylərə də bu evin içində yer verməlisiniz. Siz “Fəlsəfə” kimi tələffüz etdiyimiz “Philocofia” sözünü “Hikməti sevmək” deyə ifadə edərkən, sözün məna yükünü itirəcəksiniz. Eləcə də “demokratiya”, “demoqrafiya” sözlərinin də qarşılığını dəqiq verə bilməyəcəksiniz.

Bu, meta-dillərə məğlubiyyət deyil, ondan faydalanaraq zənginləşməkdir. Biz daha çox başqa terminologiyada uduzduqlarımızı geri qaytarmalıyıq. Baxın, Monteneqro adlı dövlət var, bunun tərcüməsi “Qara dağ” deməkdir. Ancaq onlar israrla dünya xəritəsinə öz dillərində olan bu adı saldırdılar. Biz isə yalnız Dağlıq Qarabağı, bütövlükdə Qarabağı itirmədik, həm də onun terminologiyasını itirdik. Bütün sənədlərdə yer alan ruscadan olan “Naqornıy Karabax” formasında toponomik və ya siyasi tanıtım ingiliscəyə eyni qaydada tərcümə olunub “Nagorno-Karabakh” kimi bütün beynəlxalq sənədlərə pərçimləndi. Hətta qardaşımız Türkiyənin siyasət leksikonunda “Yukarı Karabak” ifadəsi də eyni yanlışın təkrarı sayıla bilərdi. Bundan sonrakı mərhələdə biz, dövlət təmsilçiləri olaraq, israrla ingiliscə tələffüzünə uyğunlaşdırılmış formada “Daglig Karabak” ifadəsini güncəlləşdirməliyik. Bu terminoloji itkinin geri qaytarılması üçün qətiyyətli savaş verməliyik. Bəzən bir termin itkisi sonradan ciddi bir təşəbbüs itkisi ilə təqib olunur və sonradan bərpası da mümkünsüz hala gəlir.

Unutmamalıyıq ki, hər bir dilin öz xarakteri var. Yaponlar II dünya müharibəsinin sonlarına yaxın ən güclü donama ilə ABŞ donaması üzərinə hücum etsələr də, darmadağın oldular. Bunun səbəbini taktiki yanlışlarda axtaranların əksinə olaraq, psixoloqlar fərqli mülahizəyə yönəldilər. Vurğuladılar ki, yapon dili daha çox mərasim dili olduğuna görə, çevik hərbi komanda dilinə çevrilə bilmir. Şərait dəyişiminə uyğun statik mərasim dili çevik hərbi komanda dilinə çevrilə bilmədiyindən, verilən qərarlardakı ləngimə bu məğlubiyyətin əsas səbəblərindən biridir.

Bizim dilimizin xarakteri barədə qəti bir şey söyləyə bilmərəm, lakin onu bilirəm ki, bizim əsas istiqamətimiz total şəkildə tərcümə intibahına yönəlməyimiz olmalıdır. Azərbaycanda tərcümə sektoru çox zəifdir, biz nəhəng Fransua Rableni fransızcadan deyil, Şekspirin “Hamlet”ini ingiliscədən deyil, ruscadan tərcümə etməkdən o tərəfə adlaya bilməmişik.

Vaxtilə Atatürk Hasan Ali Yüceli təhsil naziri təyin edərək, onun böyük fədakarlığı ilə Avropa və rus klassiklərinin, eləcə də əksər düşüncə mətnlərinin türkcəyə çevrilməsinə imkan yaratdı.

Bir lokal dil məhz bu cür tərcümə intibahı ilə zənginləşə bilir, əsasən, yaradıcılıq prosesində ədəbi, elmi və texniki terminlərin qarşılığını tapmaq mümkün olur. Biz də, təqribən, buna bənzər bir yol izləməliyik. Dilin normalarını separatçılıq, aşağılama niyyəti ilə qəsdən pozmağa görə inzibati cəza növləri tətbiq oluna bilər. Savadsızlığa görə ədəbi dilin normalarının pozulmasının cəzalandırılmasının bir mənası yoxdur. Əgər təhsil siztemimiz kütləvi savadsızlığın mənbəyinə çevrilibsə, adamlarda deyil, bu sistemdə zəruri düzəlişlər etmək daha doğru olardı”.