XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2020 - 14:27

Prokuror və təhqiqatçılara əlavə səlahiyyət verildi –DETALLAR

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif olunan dəyişikliklə prokurorların səlahiyyəti artırılıb.

Hazırda Məcəllənin 84.9-cu maddəsində qeyd edilib ki, prokuror Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina edə bilər.

Prokuror bu qaydalara riayət etməklə bəzi hüquqlara da malikdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yuxarı prokurorun göstərişlərini yerinə yetirməlidir.

Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayətin tövsifi, ittihamın həcmi, işin icraatına xitam verilməsi və ya məhkəməyə göndərilməsinə dair yuxarı prokurorun göstərişləri ilə razı olmayan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz əsaslandırılmış etirazını yuxarı prokurora göndərməkdə haqlıdır.

Bu halda yuxarı prokuror onun dəlilləri ilə razılaşır və öz yazılı göstərişlərini geri götürür.Əks təqdirdə, onun dəlilləri ilə razılaşmayaraq, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi digər prokurora tapşırır. Prokurorun yazılı göstərişlərindən edilən etiraz bu göstərişlərin icrasını dayandırmır.

Məcəlləyə təklif olunan dəyişikliklə isə, prokurora daha bir hüquq verilir. Təklif olunan 84.6.9-1-ci maddəyə görə, prokuror şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini təklif edə bilər.

Həmçinin prokurora şəxsə irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ verilir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə təklif olunan dəyişikliklə təhqiqatçılara yeni səlahiyyətlər verilir.

Təhqiqatçı cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutmalıdır. Həmçinin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir.

Öz səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.Təhqiqatçının hüquqları həmin Məcəllənin 86.4-cü maddəsi ilə müəyyənləşir. Maddənin doqquz bəndində təhqiqatçının hüquqları göstərilib. Həmin maddəyə əsasən, təhqiqatçı şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək hüququna malikdir. Məcəllənin 86.4.2-ci maddəsinə təklif olunan dəyişikliklə, təhqiqatçıya şübhəli şəxsi tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə), üzləşdirmə, istintaq eksperimenti kimi təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq hüququ verilir. Bundan əlavə, təhqiqatçıya şəxsi axtarış, şəxsi müayinə, ifadələrini yerində yoxlanılması, tədqiqat üçün nümunələrin götürülməsi hüququ da verilir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib/Report