XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2016 - 11:17

Sanksiyaların gözlənilən təsiri:Rusiyanın hərbi sənaye kompleksi çökür

Rusya ordu eksiğini tamamlayamadı

 

Bir tərəfdən korrupsiya bataqlığında boğulması, digər tərəfdən isə əsas gəlir mənbəyi sayılan məhsulunun dünya bazarında qiymətdən düşməsi Rusiyanın ən strateji sahələrinə artıq mənfi təsirini göstərməyə başlayıb. Xüsusilə dünya ilə hərbi dillə danışmağa üstünlük verdiyi bir zamanda müdafiə sistemində bir sıra problemlərin ortaya çıxması ölkənin nə qədər açınacaqlı bir mərhələdən keçdiyini təsdiqləyir.

Məlumatlara əsasən, Rusiya Müdafiə Nazirliyinin ötən il planlaşdırdığı bir sıra layihələri həyata keçirmək mümkün olmayıb. Strateq.az xəbər verir ki, bunu Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisov açıqlayıb.

Ötən cümə günü Vladimir Putinin iştirakı ilə keçirilən hərbi təchizatların təhvil-təslim konfransında hesabat verən Borisov planlaşdırılmasına baxmayaraq, ötən il 8 gəmi, 15 təyyarə və 250-dən çox xüsusi təyinatlı raketi ala bilmədiklərini etiraf edıb. Bundan əlavə 17 rabitə, xeyli avtomatik nəzarət, 3 "Rokot" raket daşıyıcı sistemləri və 240 zirehli texnika da alınması mümkün olmayanlar hərbi sursatlar siyahısındadır.

Yuri Borisov Rus ordusunun hərbi təchizatı müqavilələrinin tam olaraq yerinə yetirilə bilməməsinin səbəblərini bir neçə amillə əsaslandırıb: istehsalçı şirkətlərin öz potensiallarından aşağı səviyyəli planlaşdırma aparmaları, müəssisələrdə işlərin yaxşı  təşkil olunmaması, bəzi texnologiyaların pozulması və sıradan çıxması.

“Rossiyskaya Qazeta”ya görə, Yuri Borisov itkiləri kompensasiya etmək üçün şirkətlərə müəyyən bir zaman verildiyini və işlərində yol verdikləri nöqsanları araşdırmaq üçün xüsusi təftiş komissiyası göndərildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin isə ordunun yeni silahlarla təchizatının "yalnız böyük bir etibar məsələsi yox, eyni zamanda böyük bir məsuliyyət" olduğunu söyləyərək, belə halların bir daha təkrarlanmaması üçün göstəriş verib.

Ekspertlər Rusiya müdəfiə sistemində ortaya çıxan bu problemləri uzun illər boyu oturuşmuş korrupsiya rejiminin ağır nəticəsi hesab edir və qısa bir zaman ərzində dəyişdirilməsinin mümkün olmayacağına inanırlar. Ölkənin ixracat gəlirlərinin xeyli azalması, bir sıra hərbi  müəssisələrə tətbiq olunan beynəlxalq sanksiyalar da bu həyati məsələnin həllində olduqca mühüm əngələ çevrilib.

Borisovun hərbi istehsalın qarşısını alan əsas səbəblərdən birinin də texnologiyaların köhnəlməsi və sıradan çıxması barədə etirafı Rusiyanın hərbi strateji istehsal potensialının getdikcə yox  olduğundan xəbər verir. Bu gücün yenidən bərpası üçün kompleks tədbirlər görülməli, müxtəlif sahələrə ciddi maliyyə ayrılmalıdır. Yəni hər şey hərlənib-fırlanıb yenə pulun üzərinə gəlir. Hazırkı dövrdə Moskvanın əsas baş ağrısı da elə bununla bağlıdır.

Bəzi ehtimallara görə, Rusiya müdafiə sistemindəki bu cür neqativ halların rəsmən etirafı heç də vəziyyəti düzəltmək niyyəti ilə də bağlı deyil.  Əksinə, ola bilər ki, Moskva büdcə gəlirlərində müəyyən kəsirlərə getmək üçün bəhanə axtarırdı və korrupsiyalaşmış hərbi sənaye kompleksinin mövcud durumu Putin administrasiyasına bu “əsası” verdi. İstehsalçı şirkətlərə təftiş komissiyalarının göndərilməsi də, görünür, təsadüfi deyil. Yaxın zamanlarda hərbi sənaye kompleksinin xeyli rəhbərlərinin səsinin barmaqlıqlar arxasından gələcəyini gözləmək olar.

Hər halda tarix boyu rus məntiqində aclıq problemi yaşayanları cinayətlərdə günahlandırıb ya həbsxanaya, ya da qara torpağın altına göndərmək ən yaxşı susdurmaq yolu hesab olunub. Necə deyərlər, ən yaxşı etirazçı ya mənən, ya da fizikən ölü etirazçıdır.

Heydər Oğuz

Strateq.az