XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2016 - 14:51

İlyas İsmayılov:“Türkiyəni parçalamaq istəyirlər”

 

“Son bir ayda Ankarada baş verən ikinci terror hadisəsi Türkiyəyə qarşı elan olunmamış müharibənin tərkib hissəsidir”.

Strateq.az xəbər verir ki, bunu Ədalət partiyasının sədri İlyas İsmayılov bildirib.

Hüquq elmləri doktorunun fikrincə, məlum hadisənin arxasında Türkiyə dövlətinin torpaq bütünlüyünü, milli maraqlarını hədəfə alan xarici qüvvələrin barmağı var: “Mən hüquqşunasam. Hüquqşunas xarakterim elə formalaşıb ki, hər hansı bir ehtimala əsaslanaraq, iddia irəli sürmürəm. Amma Ankarada baş verən hadisələrin məqsədi o qədər açıqdır ki, onun barəsində cəsarətlə mülahizə yürütmək mümkündür. Zənnimcə, məqsəd qardaş ölkənin vətəndaşları arasında etnik separatizmə dayanan daxili münaqişə çıxarmaqdır. Məhz bu səbəbdən də son terror hadisəsində mülki vətəndaşlar hədəf seçilib. Məlumdur ki, indiyədək separatçı qüvvələrin hədəfi Türkiyə ordusu və polisi olub. İndisə açıq-aşkar vətəndaşların hədəf alınması və hadisənin altından hansısa bir millətlə eyniləşdirilməyə çalışılan təşkilatın adının çıxarılması münaqişəni yeni müstəviyə daşımaq cəhdidir. Yəni türk-kürd qarşıdurması yaratmaq, Türkiyəni parçalanma duruma gətirmək istəyirlər”.

Bənzər proseslərin bundan sonra da davam etdiriləcəyini düşünən İlyas İsmayılov həm Türkiyə hakimiyyətinin, həm də xalqının səbrli olacağına, terrorla mübarizədə soyuqqanlılığını itirməyəcəyinə inanır: “Ümidvaram ki, Türkiyə özünə qarşı yönəlmiş bu məkrin fərqindədir. Terrorçulara ən yaxşı cavabı da hər iki millətin nümayəndələri əl-ələ, birgə mübarizə ilə verəcəklər”.

Türkiyənin təkcə Anadolu coğrafiyasının sərhədləri daxilində deyil, həm də Yaxın və Uzaq Şərqdə, Qafqazlarda, Orta Asiyada mühüm dəyərə malik dövlət olduğunu xatırladan Ədalət partiyasının sədri başda prezident Rəcəb Tayip Ərdoğan olmaqla, bütün ölkə rəsmilərinə və xalqına dərin hüznlə başsağlığı verdi.