Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Strateq.az xəbər verir ki, qərara əsasən, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:
1.1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobiltətbiqindən istifadə” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:
“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;
1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.
“6. Müəyyən edilsin ki:
6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;
6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır;
6.3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.”.
***
Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 – saylı Qərara dəyişikliklər edilib.
Nazirlər Kabinetindən Strateq.az-a verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir.
Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.
İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli Qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):
4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
4.12. mühəndislik və layihələndirmə xidmətləri;
4.14. qablaşdırma məhsullarının istehsalı;
4.15. daş, metal və taxta məhsullarının istehsalı;
4.16. mebel istehsalı və təmiri;
5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
5.6. onlayn satışlar.
6.2. kimyəvi təmizləmə;
6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
6.4. avtomobillərin təmiri;
6.5. avtomobil yuyulma məntəqələri;
6.6. heyvan sığınacaqları;
9.2. tərcümə xidmətləri.
Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.