XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2016 - 19:44

Əliyev-Ərdoğan görüşü:"Qardaş qardaşa elə dar gündə gərəkdir" (VİDEO)

sarilma-1

Türkiyə üçün terror təhlükəsi, nə yazıq ki, Azərbaycan üçün Qarabağ məsələsi kimi artıq mürəkkəb bir problemə çevrilib. Hər iki problem iki qardaş dövlət üçün indi milli təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik məsələsidir. Və nə xoş ki, Türkiyə və Azərbaycan “bir millərin iki dövləti” olaraq, bu təhdidlərə qarşı daima bir-birinin yanında olmağı, çiyin-çiyinə verməyi bacarır. Nə baş verir-versin, bu cür də davam edir. 

Azərbaycan prezidenti İlham Əliyevin budəfəki Türkiyə səfərini əvvəlkilərdən fərqləndirən əsas özəllik də bu idi – iki ölkənin bir-birinin təmənnasız dəstəyinə heç vaxt olmadığı qədər ehtiyac duyması, terror hədəfi edilmiş Ankaradan Türk düşmənlərinə ortaq mesajların verilməsi zərurəti. 

Ziyarət, şübhəsiz, Bakıdan Ankaraya çox qiymətli, bənzərsiz bir qardaşlıq, doğmalıq jesti idi. Zatən, ağır gündə Türkiyəyə Azərbaycandan, Azərbaycana isə Türkiyədən yaxın kim ola bilər ki? O üzdən prezident Ərdoğanın “Bu yaxşılığı, dəstəyi, alicənablığı heç vaxt unutmayacağıq” söyləməsi, əslinə qalsa, təəccüblü və qəribə də deyil: qardaş qardaşa elə dar gündə gərəkdir də! 

Yəni minnətdarlıq sözləri bəlkə də yerinə düşmür, qardaşın qardaşa minnətdarlığına lüzum yox – təbii sayıldığı üçün. Necə ki, Dağlıq Qarabağ, işğal məsələsində Türkiyə bizim yanımızdadır, Türkiyənin də ağır günündə Azərbaycanın çiynini, nəfəsini hiss eləməsi tam doğal və normal ehtiyacdır. 

Hərçənd, Türkiyə dövlət olaraq Azərbaycandan qat-qat güclüdür, bununla belə, ortaq mənəvi dəyərlər birinin gücünə güc qatılması baxımından xüsusilə indiki dönəmdə çox vacibdir. Yerdə qalan məsələlər, imzalanan sənədlər ikinci plandadır. 

Məsələ də ondadır ki, Azərbaycan prezidentinin sonuncu Türkiyə səfəri bilavasitə qardaş ölkəyə mənəvi dəstək olub da Türkiyə (Türk) düşmənlərinə ortaq mesaj vermək niyyəti güdürdü. Axı, hər necə olmasa, Ərdoğanın Bakıya səfərinin iki dəfə təxirə salınması məhz səfər ərəfəsində  Ankarada törədilən xain terror hücumlarına görə idi.    

Bakı və Ankaranın hədəfə çatdığını söyləmək olar. Bunu Əliyev və Ərdoğan brifinqdən sonra iki dəfə qucaqlaşaraq bir-birinə heç vaxt olmadığı qədər sarılması, Türkiyə liderinin bundan hətta kövrəlməsi, duyğulanmasından da görmək olardı. 

Bu, adi sarılma deyildi. Azərbaycanla Türkiyə dövlətlərinin biri-birinə sarılması, sarılıb da vəhdət, sarsılmazlıq nümayiş etdirməsi, ortaq düşmənlərə göz dağı verməsi idi!

Ərdoğan azərbaycanlı həmkarına müraciətlə “Azərbaycan qara günün dostu olduğunu göstərdi” dedi. Türkiyə prezidentinin bu sözləri, şübhəsiz ki, həm də Ankaranın Moskva ilə münaqişəli vəziyyətdə Bakının sərgilədiyi cəsarətli mövqeyə görə idi. 

Azərbaycan dövlət, millət olaraq bir an belə Türkiyəmizi Rusiya qarşısında yalqız buraxmadı. Yeri gəldikcə “Həmişə Türkiyənin yanındayıq!”, –  dedi. Sınaqdan çıxa bildi və əməldə bunu sübut etməyi bacardı – öz məhdud potensialına və Rusiya kimi yırtıcı bir dövlətlə qonşu olmasına rəğmən. 

Bakı hətta iki ölkə arasında birgə hərbi təlimlərə də ara verilmədi. Son səfər zamanı da təlimlər davam edirdi – hansı məqamı ki, Ərdoğan da, Əliyev də brifinqdə xüsusi vurğuladılar, sarsılmaz birliyin daha bir təzahürü kimi. 

Bu, sözsüz ki, erməni işğalçılarına da növbəti, aydın bir mesaj, xəbərdarlıq ismarışı idi. Hələ harasıdır, Bakı risk edib Ermənistanın silahlandırılması ilə bağlı Moskvaya etiraz notası da verdi. Müxtəsəri, qardaş Türkiyə ilə dostluq, qardaşlığı heç bir vəchlə Rusiyanın ayağına verilmədi. 

Türkiyə buna layiqidir. Türkiyəmiz bunu haqq edib. 

Zahid SƏFƏROĞLU

musavat.com