XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2016 - 17:18

870 nəfər arasından 338 nəfər polis orqanlarına xidmətə qəbul olundu –Nazir Ramil Usubov Bərdədə seçim etdi (FOTOLAR)

ramil-usubov

Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsinin meydanında Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.  

Strateq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sıra baxışında kütləvi informasiya vasitələrində verilmiş elana uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 870 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 112-si polisin və Daxili Qoşunların sıralarında xidmətə, 226 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Daxili işlər naziri onu da qeyd edib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.

General-polkovnik Ramil Usubov gəncləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. 

Daha sonra daxili işlər naziri hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Novruz bayramı münasibətilə onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdıran nazir hərbi qulluqçuların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb, bu istiqamətdə bəzi tapşırıq və tövsiyələrini verib, onlarla birlikdə nahar edib.