XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyul 2020 - 20:32

Rusiya XİN-dən Qarabağla bağlı açıqlama:"Türkiyə ilə birlikdə dialoqun qurulmasına köklənmişik"

“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi narahatlıq doğurur”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinin vacibliyini vurğulayıb.

“Rusiya bizə dost ölkələr olan Ermənistan və Azərbaycan sərhədində bir müddət əvvəl baş verən gərginliyi böyük həyəcanla qarşılayıb. Əminik ki, çoxillik Dağlıq Qarabağ münaqişəsini də, beynəlxalq arenada olan digər fikir ayrılıqları kimi istisnasız olaraq dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır. Bizim bu mövqeyimizi dəyişməz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ və Fransa, eləcə də BMT, MDB və digər beynəlxalq təşkilatlar bölüşür.

Rusiya rəhbərliyi münaqişənin bundan sonrakı eskalasiyasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb.

Türkiyə tərəfi ilə iyulun 23-də XİN başçıları, 27-də dövlət başçıları səviyyəsində Cənubi Qafqazdakı, xüsusən Dağlıq Qarabağ nizamlanmasındakı mövcud vəziyyət əsaslı şəkildə müzakirə olunub”, – deyə o, vurğulayıb.

“Bölgədəki hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahatlıqlarını ifadə edən Rusiya və Türkiyə hesab edir ki, mövcud problemin beynəlxalq hüquq prinsipi əsasında, Azərbaycan və Ermənistan xalqlarının maraqları naminə siyasi-diplomatik həllinə alternativ yoxdur. Tərəfdaşlarla, o cümlədən Türkiyə ilə birlikdə gərginliyin yeni bir dövrünün dayandırılması, Cənubi Qafqazda ümumi vəziyyətin sabitləşməsi məqsədi ilə işlər görməyə davam etməyə, İrəvanla Bakı arasında siyasi dialoqun qurulmasına fəal kömək etməyə köklənmişik”, – deyə Rusiya XİN nümayəndəsi “Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiya və Türkiyənin qarşılıqlı anlaşma və ya ortaq baxışı haqqında danışmaq olarmı” sualına cavabında bildirib/APA.