XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2020 - 12:29

DƏRSLƏR HANSI QAYDADA KEÇİRİLƏCƏK? –Fənlər üzrə tədris planı bəlli oldu

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

Strateq.az xəbər verir ki, bu, Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində yer alıb.

Əmrdə bildirilib ki, epidemioloji vəziyyətdən və təhsil müəssisəsində şagird sıxlığından asılı olaraq dərslər aşağıdakı qaydada tədris edilir:

– tədris planında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant (məsafədən) olmaqla 2 formada tədris olunur;

– şagirdlərə əyani formada tədris olunmayan mövzular teledərslər və “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən (distant məsafədən) dərslər vasitəsilə tədris olunur;

– “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən dərslərlə yanaşı, şagirdlərin teledərsləri izləməsi təşviq olunur və əyani formada keçirilən dərslərdə həmin mövzular möhkəmləndirilir;

– sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə zərurət yarandığı halda, əyani formada tədris zamanı siniflər qruplara bölünür və dərslər növbəli cədvəl əsasında, yaxud həftəaşırı olmaqla təşkil edilir;

– sinif yarımqrupa bölünəndə tədris planında əyani formada tədris üçün fənlər üzrə nəzərdə tutulmuş həftəlik dərs saatlarının miqdarı hər bir qrup üçün müvafiq olaraq bərabər bölünür;

– sinfin yarımqrupa bölünməsi zərurət yarandığı halda, tədris planında həftəlik əyani dərs saatı 1 saat müəyyənləşdirilmiş fənlər hər bir qrup üçün həftəaşırı əyani formada tədris olunur;

– tədris planlarında əyani formada keçirilməsi nəzərdə tutulmayan fənlərin distant (məsafədən) formada tədrisi təmin edilir.

Tədris planında dərsdənkənar məşğələlərə ayrılmış saatlar aşağıdakı fənlərin tədrisinə ayrılır:

– I-IV siniflərdə “Xarici dil” fənninə əyani formada;

– V siniflərdə “Xarici dil” fənninə distant (məsafədən) formada, xarici dil tədris olunmayan məktəblərdə Pedoqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birinə distant formada;

– VI siniflərdə “Fizika” fənninə əyani formada;

– VII siniflərdə “Qarabağın tarixi” kursuna distant (məsafədən) formada;

– VIII-X siniflərdə 1 saat “Azərbaycan tarixi” fənninə distant, digər 1 saat isə Pedoqoji Şuranın qərarı ilə “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənlərinin hər hansı birinə distant formada;

– Müəyyən edilmiş təhsil müəssisələrinin VII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1 saatı “Ortaq türk tarixi” kursunun distant formada tədrisinə ayrılır.

Əmrdə həmçinin qeyd edilib ki, bütün azsaylı xalqların kompakt yaşadıqları ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IV siniflərində, habelə ləzgi dili tədris olunan ümumi təhsil müəssisələrinin V-IX siniflərində valideynlər və təhsilalanlar arzu etdikləri halda, dərsdənkənar məşğələlərə ayrılan 1 saat onların ana dilinin distant formada tədrisinə verilə bilər.

Ümumi dərs məşğələləri:

I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant formada;

V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant formada;

X-Xı siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formada başlayır.