XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 16:17

QURBAN MƏMMƏDOV “SAXLANILMA” XƏBƏRİNİ ÖZÜ YAYIBMIŞ:"Türkiyə dövlətindən üzr istəyirəm"

“Yayılan informasiyalara görə Azərbaycan xalqında üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Bu sözləri “Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib:

“Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı. Bilirəm ki, istər İngiltərədə, istər Türkiyədə, istərsə də Avropada Azərbaycan hakimiyyəti məni ovlamaq üçün tədbirlər həyata keçirir. Bu barədə məndə məlumatlar var. Bu mübarizəni sadəlövhcəsinə aparmıram. “İnterpol” məni axtardığı halda başqa ölkəyə gedəsi deyiləm. Buna görə də yayılan məlumata görə təkrar Türkiyə dövlətindən üzr istəyirəm. Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.

***

Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxılıb.

Bu barədə onun bacısı oğlu Vüqar Məmmədovun APA-ya verdiyi məlumata görə, dayısı sərbəst buraxılıb.

“Hazırda o, İngiltərəyə gedir. Axşam saatlarında Londonda olacaq”, – deyə V. Məmmədov vurğulayıb.

Qeyd edək ki, Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atasının Türkiyədə saxlandığı ilə bağlı “Facebook”da məlumat yaymışdı. Lakin daha sonra o statusunu silib.

***

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə saxlanılıb.

Bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

Qeyd edək ki, Qurban Məmmədova Avropada yaşayırdı.

Sentyabrın 8-də Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Q.Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.

Qanunvericliliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətyimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib/Report.