ABŞ-da həbs olunandan sonra Zərrabın ilk fotosu
Bir neçə gün əvvəl ABŞ-da saxlanılan türk iş adamı Reza Zərrabı 75 il həbs cəzası gözləyir. Əgər ona qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrab «çirkli pulların yuyulması», ABŞ-ın əleyhinə və İranın lehinə «embarqo»ların yarılması da daxil olmaqla 5 ayrı maddə üzrə ittiham olunur.
İttiham aktında işlə əlaqəsi olan daha 6 nəfərin adı çəkilir. Lakin Zərrabın həbsi üçün sanksiya verən Nyu-York Cənub dairəsi federal prokuroru Prit Bharara hələ ki bu adların qapalı qalmasına qərar verib. İndi Türkiyədə hamını bu şəxlərin kimlər olduğu, AKP hökuməti ilə bağlılıqlarının olub-olmadığı maraqlandırır.
Bu gün Türkiyənin «Fox» telekanalının əməkdaşı prezident Rəcəb Tayyib Ərdoğana R.Zərrabın həbsi ilə bağlı sual vermək istəyib. Lakin müxbirə «Bu məsələnin bizimlə nə əlaqəsi?» deyərək sualı səsləndirməyə icazə verməyiblər.
Türkiyənin müxalif dairələri isə Zərrabın həbsinin AKP hökuməti üçün yaxşı heç nə vəd etmədiyini düşünür.
CHP başqanı Kamal Kılıçdaroğlu ad çəkmədən, lakin AKP rəhbərliyinə işarə edərək bildirib ki, İranla birgə görülən qızıl ticarətində gerçək ortaq Zərrab yox, onlardır.
Zərrab Türkiyədəki məşhur 17-25 dekabr «Böyük rüşvət əməliyyatı» zamanı həbs olunmuş və çox keçmədən azad edilmişdi.
Qeyd edək ki, Zərrabın İrandakı ortagı Babək Zəncani barəsində Tehranda edam hökmü çıxarılıb.