XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

24 Mart 2016 - 10:25

ABŞ prezidentliyinə namizədin taleyi bu sualdan asılıdır:"Arvadını qoruya bilməyən şəxs ölkəni necə müdafiə edəcək?!"

tramp arvadi

 

Mətbuat yazır ki, ABŞ prezidentliyinə respublikaçı namizədlər arasında rəqabət kulminasiya nöqtəsinə yaxınlaşdıqca, “ədəb-ərkan” sərhədləri daha tez-tez aşılır.

“The Guardian” qəzetinin müxbiri Cessika Valenti yazır ki, 2016-cı ilin respublikaçı namizədlik kampaniyası tarixə məhz bu anları ilə həkk oluna bilər. Məsələn, bundan əvvəl Marco Rubio Trampa eyham vuraraq “balaca əllərin kişilərdə zəif cinsiyyətdən xəbər verdiyini” söyləmiş, milyarder namizəd isə rəqibini alçaldıcı şəkildə “bu balaca Marco” adlandırmışdı. (Azadlıq Radiosu)

Məqalədə deyilir ki, namizədlər bundan əvvəl də rəqiblərinin “kişilik heysiyyətinə” toxunmağa çalışırdılar, lakin indi bu çəkişmə keyfiyyətcə yeni mərhələyə qalxıb.

 

“Mağara kişiləri”

 

Cessika Valenti yazır ki, Donald Tramp və Ted Cruz bu çəkişməni “mağara kişilərinin” səviyyəsinə endiriblər. İndi onlar bir-birlərinin xanımlarına “söz atmağa” başlayıblar.

Xəbər verilir ki, son qarşıdurma Yuta ştatındakı antitramp Facebook səhifəsində tikinti maqnatının xanımı Melania Trampın, az qala, tamamailə çılpaq reklamının yayılması ilə başlanıb. Bunun ardınca Donald Tramp bu hərəkətə görə rəqibi Ted Cruzu ittiham edib. “Ehtiyatlı ol, Ted, mən də sənin arvadın haqqında açaram sandığı…” mətnli tvit post edib. Ted Cruz tvitə tvitlə cavab verib: “Əgər sən Heidiyə bir söz desən, biləcəyəm ki, deyildiyindən də qorxaqsanmış”.

 

Belə 1-ci ledi istəmirsinizsə, Cruza səs verin

 

“The Telegraph” qəzeti yazır ki, 45 yaşlı Melania Tramp beş dildə danışır, Sloveniyanın Lyublyana Universitetində memarlıq və dizayn üzrə təhsil alıb, özünün zinət əşyaları və kosmetika brendi və “əlbəttə ki, beyni” olan uğurlu biznes qadınıdır. Trampa qarşı istifadə edilən ziddiyyətli təbliğatda Melania Trampın 15 il bundan əvvəl "GQ" jurnalı üçün çəkdirdiyi reklam fotosundan istifadə edilib.

Tramp əleyhdarları bu fotonun altına şərh də yerləşdiriblər: “Tanış olun – Melania Tramp. Sizin növbəti birinci lediniz. Ya da çərşənbə axşamı Ted Cruza səs verin!”

“The Guardian” tanınmış psixoloq, professor Stefan Dukata istinadən yazır ki, əsasən kişilərin cəng meydanı olan Amerika siyasətində kimisə “arvadxasiyyətlik”də ittiham etmək ən ağır silahlardan sayılır.

 

Əgər sizin arvadınızı…

 

“The Guardian” yazır ki, bir dəfə Teddi Rüzvelt prezident Vudro Vilsonu “bəyaz əlləri olan Nensi xanım” adlandırmaqla alçaltmış, daha sonralar "The Wall Street Journal" qəzeti “Bizim artıq qadın prezidentimiz var: Cimmi Carter” başlıqlı məqalə çap etmişdi.

Məqalədə deyilir ki, qadın məsələsindən silah kimi istifadə edilməsi Amerikanın siyasi həyatında yenilik deyil. Məsələn, 1988-ci ildə CNN telekanalından Bernard Şau prezidentliyə namizəd Mik Dukakisə belə bir sual vermişdi: "Əgər sizin arvadınızı zorlayıb qətlə yetirsələr, ölüm cəzasını dəstəkləyərdinizmi?" “The Guardian” yazır ki, Dukakis bu təxribatçı suala əsəbiliklə yox, sakitcə, siyasi bir məsələdən danışırmış kimi cavab vermişdi.

“Onun namizədliyi artıq suda ölü balıq kimi idi. Öz arvadını müdafiə edə bilməyən şəxs ölkəni necə müdafiə edəcəkdi?” – deyə qəzet yazır.

Məqalədə deyilir ki, buna baxmayaraq, Donald Trampın kampaniyası “kişilik” məsələsini ifrat şəkildə gündəmə gətirib və Pulitzer mükafatı almış qəzetçi Conni Şultsla razılaşmamaq olmur: “Adətən, sevdikləri qızı itirməkdə olduqlarını başa düşən oğlanlar özlərini belə aparırlar”.

"Amerikalıların hansı namizədin daha gözəl arvadı olmasından və onların əllərinin ölçüsündən daha ciddi dərdləri var, – deyə qəzet yazır.