XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 18:14

Naxçıvanlı oliqarxın uçuşu və enişi

amay

“ölkədə elə bir vəziyyət yaranıb ki, heç kimin həyatı təminatlı deyil. İstənilən adamı şər atıb tutdura bilərlər…”

Yox, bu kəlmələr çarizmi ifşa edən inqilabçı fəhlə Pyotr Alekseyevin sovet tarix kitablarından bəlli olan məhkəmə çıxışından götürülməyib. Onun müəllifi hansısa müxalifət fəalı və ya narazı evdar qadın da deyil. Onu 11 aydır həbsdə olan Abdulla Abdullayev – “AMAY” ticarət mərkəzinin rəhbəri söyləyir.

Hədəf isə onun canı, pulu, zopası və yumruğu ilə xidmət etdiyi hazırkı hakimiyyətdir. Məhz Abdullayevin dəstələri illərlə əvvəl real güc olan müxalifətin aksiyalarını dağıtmaq üçün meydanlara göndərilirdi. İndi isə biz divan tutan oliqarxın özünə tutulan divanla bağlı etiraf, tövbə, etiraz və tənqidlərini dinləyirik.

Vısotskinin ardınca təkrarlamaq istəyirsən: “Sındırılmış qanadları görəndə məndə yazıqlıq hissi yoxdur”.

Abdullayev deyir: “Həbsimin sifarişli olduğunu hamı bilir. çıxarılan hökm də sifarişli olacaq”.

Həbsinin əsl motivlərinin rəsmi ittihamda göstərilən səbəblərlə uyğunsuzluğu isə ona da başqalarına da aydındır. Birinci dəfə deyil ki…

“10 il əvvəl ağlıma da gəlməzdi ki, məni burada otuzdurarlar. Bilmək olmaz hələ 10 ildən sonra burada kim oturacaq. Oturacaqlar da…” – möhkəmlətdiyi və can-başla xidmət etdiyi rejimin qurbanına çevrilən birisinin mücərrəd ədalətə ümid bağlaması nə qədər irrasional görünsə də bu ölkədə baş verənlərin məntiqinə tamamilə uyğundur.

Ancaq gərək Abdullayev öz qismətinə də həmin ədalətin bir hissəsi kimi baxmağa bacarsın.

Mövcud durumu Abdullayevin bu sözləri ilə xarakterizə etmək olar: “Bu dünyada günahsız insan yoxdur. Belə çıxır ki, bütün Azərbaycanı “kletka”ya doldurmalısınız? Bu millət necə irəli gedəcək? Məni həbs edəndə heç olmasa qulağıma pıçıldayardılar ki, nəyə görə tuturlar. Yoxsa burada teatr gedir…”

Nədənsə teatr tamaşasında öz roluna güvənənlər bir gün rolsuz qala biləcəklərini ağıllarına gətirməyiblər.

Abdullayev bu hakimiyyətə can-başla xidmət etdiyini söyləyir və düz deyir. Ona ağlagəlməz olan odur ki, səmimi xidmətlərinin müqabilində indi məhbəsdə oturmalı olub. Onun danışdıqlarından daha bir epizod: “Dövlətdən sifariş gəldi ki, “Gənclik”dəki ticarət mərkəzinin yerində Gimnastika Mərkəzi tikilməlidir. Məni çağırdılar, dedilər ki, təcili yer ayrılır, vəsait də ayrılacaq, “Gənclik”dəki ərazini iki günə boşaltmalısan. Mən də həmin ərazini boşaltdım, amma yeni ərazidə ticarət mərkəzini tikmək üçün vəsait ayrılmadı. Dedim verirəm bunları, gedirəm. Dedilər, birbaşa göstəriş var. Bu binanı tikməyə 2 il vaxt verdilər, 18 aya tikdim…”

Yəni mülkiyyətinin əlindən alınmasına da, yuxarıdan gələn sifarişlərin vaxtından əvvəl yerinə yetirilməsinə də həmişə hazır olub. Bəs niyə ədalətsizliklə qarşılaşıb?

“Tapşırmışdılar ki, AMAY-ı tikim. Bilirsiniz də tikməsəydim, nə olacaqdı. Bilirsiniz, bilirsiniz… Siz indi sizə verilən sifarişi yerinə yetirməsəniz, nə olarsa, mənimlə də elə olacaqdı. Yəni tikdim, bu cür cəzalandırırlar, tikməsəydim də başqa cür cəzalandıracaqdılar” – Abdulla Abdullayev üzünü hakimə tutaraq deyir.

Eynilə ona etiraz aksiyası iştirakçılarına qoçu dəstələri vasitəsilə niyə divan tutduğunu soruşsaydılar, yəqin cavab yenə də eyni cür olası idi. Yəni “sifarişi yerinə yetirmək lazımdı”, əks halda…

Deməli, müttəhimlər kürsüsündə əyləşən dünənki oliqarxın sifarişçilərlə ixtilafını da hansısa siyasi sferada axtarmaq lazım deyil. “Xaç atası” filmindəki kimi: “Bu, sadəcə biznesdir”.

Və bu biznes qarşıdurmaları Azərbaycanda olan “yığım kapitalizmi” mərhələsinin sona çatmasının əlamətidir. 90-cı illər qapanır – öz parlaq personajları ilə.

***

Abdulla Abdullayev vurulan nə birinci iri mülkiyyət sahibidir, nə də sonuncu. Əslində onların aşlarına tökdükləri qaşıqlarına çıxır. Baş verənlərin mahiyyətinə varmaq üçün Azərbaycanda kapitalizmin təşəkkülünün 20 illik tarixçəsinin mərhələlərinə nəzər salmaq yetərlidir. Nəzər salaq və hadisələrin gedişatındakı məntiq də o vaxt üzə çıxacaq.

Beləliklə, artıq növbə gəlib hakimiyyətə canla-başa qulluq etmiş, indi də edən və əvəzində isə vur-tut nisbi iqtisadi sərbəstlik (maliyyə müstəqilliyi) istəyən iri sahibkarlara çatıb. Monopolistlər onlara qulluq etmiş, bir sözlərini iki eləməmiş iri və orta sahibkarlığı bir nazik təbəqə kimi yox edirlər.

Azərbaycanda iri pullar çətin ki, “təmiz əllər”lə qazanılır. Sahibkarlar üçün başqa alternativ yoxdur. Elə bir iqlim yaradılıb ki, iri və orta miqyasda sərvət toplamaq üçün rejimə loyal olmalı, işçini əzməli, istənilən an (feodalizmdəki cəngavərlər kimi) hakimiyyətin birinci fitindəcə ona köməyə tələsməlisən.

Azəri sahibkarları bu oyun qaydalarının hamısına əməl edirlər və bundan sonra da edəcəklər. Ancaq monopolistik-trest kapitalizmində daha onlara yer yoxdur. “Orta təbəqə”nin Azərbaycandakı tarixi missiyası bitdi – onlar rejim üçün ilkin və iri kapital yaratmaq, rejimin əlində xalqı kölə və hüquqsuz hala salmaq vasitəsi idi. Bu, əksinqilabi bir təbəqədir. Və indi özü də əksinqilabın qurbanına çevrildi.

20 il əvvəl bir sinif kimi fəhlə sinfi ləğv ediləndə özlərini ziyalı, xırda və iri sahibkar, “bazar iqtisadiyyatı apolegeti” sayan hər kəs bunu üçqat “Ura” ilə qarşıladı. Zavod və fabriklər bağlandı, söküldü, metallolom kimi xaricə satıldı. Zavod və fabriklərin ləğvi ən inqilabi sinfi – fəhlə sinfini həmrəylikdən məhrum etdi, parçaladı, pərakəndə hala saldı, təklədi, izolə etdi və nəhayət, sonuna çıxdı. Fəhlələr mütəşəkkil sinifdən çevrilib sinifsiz elementlərə döndülər.

Növbə təhsillilərə və ziyalılara çatanda artıq ən mobil etirazçı sinfin yoxluğunda heç bir müqavimət olmadı. Ali məktəb bitirənlər ixtisaslarını atıb bazarda alverçiyə, taksi sürücüsünə, muzdlu fəhləyə, Rusiyada qastarbayterə çevrildilər.

Fəhlə sinfinin məhvi ilə bərabər sosial siyasət də ləğv edildiyindən yoxsullaşma və deqradasiya ölkəni ağuşuna aldı.

Bazar alverçisinə çevrilən müəllimlər, mühəndislər, iqtisadçılar və s. özlərinə verilən “iş adamı”, “sahibkar” ayamasını elə fəxlə daşımağa başladılar ki… Halbuki onlar nə iş adamı, nə də sahibkardılar. Kirayəyə götürdükləri bir küncdə nisyə aldıqları ərzaq və məişət əşyaları satan günəmuzd adama olsa-olsa xırda alverçi deyərlər. Onlar hara, istehsalla məşğul olan biznesmen hara?

Bu fərdlər “sahibkar” adını fəxrlə daşımaqdaykən eyinlərinə də deyildi ki, heç nəyin və heç kimin sahibi deyillər. Sadəcə küçə alverçiləridirlər. Və öz mənsub olduqları sinfi itirmiş lümpendirlər (sinifsiz şəxslər).

Sonra məhv olma növbəsi orta sahibkarlara gəlib çatdı. Onların “xırda sahibkarlar”dan fəqli olaraq mülkiyyəti və istehsal sahələri vardı.

Bir gün eşitdik ki, filan şirkət başçısı özünü asdı, broyler şirkətinin rəhbərini güllələdilər, digər birisi özünü bankrot elan etdi. Bununla da orta sinif məhv edildi. Onların mülkiyyəti və istehsal sahələri isə indi gözümüzün qabağında reyder reyslərinə, başıqırxıqların hücumuna və həbsə məruz qalan iri biznesmenlərə verildi. Onlar da bu ədalətsizliyə məmnuniyyətlə göz yumub talanan sərvətləri özlərininkinə əlavə elədilər. Bilmədən ki, növbədə özləridir.

Və budur, növbə gəlib onlara çatdı. İri korporasiyalar, monopolistik kapitalizm, trest siyasəti ilə irəliləyən Azərbaycan kapitalizmi onları akula kimi udmağa başlayanda isə etiraz edirlər: “Bu, haqsızlıqdır. Cinayətdir. Şəxsi mülkiyyətə hörmətsizlikdir”.

Baho! Bəs siz sovet dövlətindən qalan, hamının (yəni ümumxalq mülkiyyəti) sayılan, heç də sizin ata-babalarınızın mirası olmayan fabrik-zavodları söküb metallolom kimi satanda nəinki səsiniz çıxmırdı, əksinə, mövcud formasiyanı və indi sizləri müflis edən kapitalizmi öyürdünüz! Məktəb-bağçaları, poliklinikaları, uşaq meydançalarını zəbt edib yerində öz şirkətlərinizi ucaldanda nə uşaqları, nə müəllimləri-həkimləri, nə də xəstələri düşünmürdünüz! Buyurun, 15 il təriflədiyiniz, maliyyənizlə möhkəmlətdiyiniz, bütün əmrlərinə “baş üstə” dediyiniz reallıq indi sizi məhv edir! Və siz sizlərin susqunluğu, köməyi, iştirakı ilə hər şeyləri əlindən alınan bu xalqdan anlayışla yanaşmaqmı xahiş edirsiniz?

Bəli, siz də bu xalq kimi rejimin qurbanısınız. Ancaq qurbandan qurbana fərq var. Siz öz yaratdıqlarınızın qurbanısınız.

Və kimlərsə inanacaq ki, var-yoxları əlindən alınan bu biznesmenlər narazılara qoşulub inqilabi sinif olacaq. Əfsuslar. Olmayacaq…

Virtualaz.org