XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 23:09

“Cənub Qaz Dəhlizi” QSC-nin istiqrazlarını alanlar:Ən çox investor Böyük Britaniya və ABŞ-dandır

cqd-1

 

24 mart 2016-cı il tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə bazarlarında keçirilən əməliyyatlar müvəffəqiyyətlə başa çatdırılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bundan əvvəl, 17 mart tarixində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən ilkin olaraq 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların qiymətləndirilməsi aparılıb, 18 mart tarixində isə buraxılan istiqrazlar beynəlxalq kapital bazarlarında uğurla yerləşdirilib.

Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazların emissiyası xarici investorların böyük marağına səbəb olub, 1 milyard ABŞ dolları məbləğində istiqrazların emissiyası yeddi faizlik gəlirlilik dərəcəsi ilə (6,875 kupon faizi ilə), 10 il ödəmə müddəti ilə yerləşdirilib.

“Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazları 100-dən çox nüfuzlu institusional investor tərəfindən alınıb. Bunların 46%-i Birləşmiş Krallıq, 43%-i ABŞ, 10%-i digər Avropa ölkələri, 1%-i isə Asiya və Yaxın Şərq ölkələrini əhatə edib.

“Cənub Qaz Dəhlizi” Şirkəti tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək  Cənubi Qafqaz Qaz Boru Kəməri  və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.