XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 14:39

Prezident:"Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır"

“Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.

Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq o yaşayış məntəqələrinə biz hələ girməmişik. Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini mülki əhalidən çıxarmaq istəyir”, – Prezident bildirib.

O həmçinin qeyd edib ki, Gəncəyə hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir: “Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, indi psixoloji sarsıntı keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”.

“Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar cəhd ediblər. Mənə səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş xüsusi təyinatlılardan ibarət böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıblar. Halbuki strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün böyük önəmi yoxdur. Bu qrup zərərsizləşdirilib. Orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsizlik və yırtıcı siyasətinin nəticəsidir”, – ölkə başçısı vurğulayıb.

Ölkə başçısının sözlərinə görə, adekvat cavab tələb olunur və biz cavabı döyüş meydanında veririk: “Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”.

“Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir. Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, siyasi məqamlar da var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir, çünki orada işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə 5 rayondan, ikinci mərhələdə 2 rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra bütün məcburi köçkünlər əvvəlki yaşadığı bölgələrə qayıdırlar. Bu o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar”, – İlham Əliyev bildirib.

Prezident bildirib ki, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. 

Dövlət başçısı deyib ki, bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir: “Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəylindən olan məsələlərdir”.

Prezident İlham Əliyev qeyd edib ki, son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlayıb: “Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox halda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyə mətbuatının nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar ki, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır”.

Dövlət başçısı nəzərə çatdırıb ki, atəşkəs rejimi tətbiq olunandan sonra demək olar ki, dərhal Ermənistan öz çirkin əməllərini davam etdirdi: “Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, o atəşkəs haqqında açıqlama verilib, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla çözüləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə konstruktiv davranış göstərəcək. Təəssüf ki, biz bunu görmədik. Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri bombardman atəşinə tutulub, “Toçka-U” raketi ilə şəhər atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcəklər, çünki artıq hər şey göz qabağındadır. Dünən hadisə yerində təşkil edilən mətbuat konfransı və bu gün oraya gedəcək xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər, görəcəklər. Bir daha görürlər ki, kim bu münaqişənin səbəbkarıdır, kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətdir. İnsanlığa qarşı törədilmiş cinayət bunu bir daha göstərir”.